Leqal.az xəbər verir ki, Teleqraf.com-un əməkdaşları bu günlərdə düşmən işğalından azad olmuş Şuşa şəhərini ziyarət etdilər.
Ziyarət zamanı Şuşa həbsxanasına da baş çəkdik. Həbsxanada 30 il ərzində azərbaycanlı əsirlərə verilən işgəncələrin izlərinin hələ də qaldığının şahidi olduq.
Buranın bundan sonra həbsxana kimi istifadə olunmayacağı məlumatları dolaşır. Həbsxananın sökülməsi təklifləri də səsləndirilir.
Hələlik rəsmi qurumlar bununla bağlı hər hansı qərar qəbul etməyib.
Heç kəsin ağlına gəlməzdi ki, bir vaxtlar qanuni məhkəmə hökmüylə məhkum olunmuşların saxlanıldığı bu həbsxanadan ermənilər azərbaycanlılara işgəncə verməkdən ötrü istifadə edəcəklər. 30 ildən sonra Azərbaycan ordusu Şuşa şəhərini işğaldan azad etdi və erməni quldurlarını Şuşanın hər bir hissəsi olduğu kimi bu həbsxanadan da qovdu.
İndi bu həbsxana da nə quldur ermənlər var, nə dəki bizim əsirlər var.
30 il ərzində həbsxanada həmyerlilərimzə dəhşətli işgənclər verilib. Sonuncu dəfə burada Şahbaz Quliyev və Dilqəm Əsgərov saxlanılıblar.
Qeyd edək ki, Şuşa həbsxanası Çar Rusiyası dövründə - XIX əsrin ortalarında Xan qızı Natəvanın vəsaiti hesabına inşa edilib.
Bəzi məlumatlara görə, buna qədər şuşalı məhkumlar Gəncə şəhərində yerləşən həbsxanada saxlanılırdı. Qohumları, yaxınları onlara baş çəkmək üçün uzun yol qət edərək, Gəncəyə getməli olurdular.
Bunu nəzərə alan Xan qızı şuşalıları, eləcə də ətraf ərazilərdə yaşayan insanları əziyyətdən qurtarmaq üçün Şuşada həbsxananın inşası üçün vəsait ayırıb.
Həbsxana Şuşa qalasının şərq tərəfində yerləşir, qalanın aşağı divarları həbsxanaya söykənir. SSRİ dövründə qapalı tipli cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərib.
Həbsxana inşa edilərkən qala divarlarının bir hissəsi və müdafiə qüllələri həbsxana divarları kimi istifadə edilib. Bu zaman Şuşa qalasının Ağoğlan qapısı həbsxanaya giriş kimi dəyişdirilərək, yenidən formalaşdırılıb.
Şuşa həbsxanası Rusiya İmperiyası və SSRİ hakimiyyəti dövründə ən dəhşətli türmələrdən hesab olunub.
Ən təhlükəli, qatı cinayətkar hesab olunan şəxslər cəza çəkmək üçün bura göndərilib.
Ümumilikdə, həbsxana 350 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulub.
Rusiya İmperiyasının və SSRİ-nin ən müxtəlif guşələrindən cinayətkarlar cəzasını bu türmədə çəkiblər.
1992-ci il mayın 8-də Şuşa şəhəri işğal edildikdən sonra da buradan həbsxana kimi istifadə olunub.
İşğal zamanı erməni cinayətkarlar əsir götürdükləri azərbaycanlıları məhz burada saxlayıblar, mülki azərbaycanlılara burada dəhşətli işgəncələr verib, onlarla qeyri-insani rəftar ediblər.
Mülki şəxslərlə yanaşı, müharibədə əsir götürülən azərbaycanlı hərbçilər də burada erməni vəhşiliyi ilə üzləşiblər.
Həmyerlilərimizə bu həbsxanada işgəncə verilməsi ilə bağlı Azərbaycan məhkəmələrində dəfələrlə məhkəmə prosesləri qurulub, bu cinayəti törədənlər cəzalandırılıb.
2004-cü ildə Şuşa həbsxanasında əsirlərimizə işgəncə verməkdə ittiham olunan Rauf Eyvazov ömürlük azadlıqdan məhrum olunub. Əsirlikdə olan zaman “Romik” ləqəbi ilə tanınıb, Şuşa həbsxanasında həmyerlilərimizə dəhşətli işgəncələr verib.
Bundan başqa, bu il Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin mühakiməsi keçirilib.
Hadisə şahidlərinin bildirdiyinə görə, bu cinayətkarlar Şuşa həbsxanasında həmyerlilərimizə işgəncə veriblər. Bu faktlar məhkəmə araşdırmaları zamanı sübuta yetirilib.