“Bir çox minik avtomobili sürücüləri avtobus zolaqlarının tələbinə riayət etmirlər. Bu kimi hallara daha çox Q.Qarayev, Babək və M.Useynov prospektlərində, eləcə də M.Hadi, M.Füzuli, Y.Səfərov, Ə.Rəcəbli küçələrində rast gəlinir”.
Bu barədə Leqal.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən avtobusların hərəkətində ləngimə yaranır: “Bu xətalar səbəbindən avtobusların hərəkət qrafikində ləngimələr yaranır. Nəticədə dayanacaqlarda və avtobuslarda sərnişin sıxlıqları yaranır. İctimai nəqliyyat istifadəçilərinə əlavə çətinlik yaradan minik avtomobili sürücülərinin ictimai qınağa çəkilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyi aksiyaya başlayıb. Bu çərçivədə avtobus zolağının tələbinin pozulmasına dair müşahidə kameraları vasitəsilə qeydə alınan görüntülər ictimailəşdirilir. İctimai qınaq obyektinə çevrilməmək üçün sürücülər avtobus zolağının tələbinə riayət etməli, ictimai nəqliyyatın üstünlüyünə anlayışla yanaşmalıdırlar. Avtobus zolağının tələbinin pozulması inzibati məsuliyyət yaratmaqla yanaşı həm də avtobusla hərəkət edən sərnişinlərə qarşı etinasızlıqdır.
Müntəzəm marşrut xətləri üzrə avtobusların rahat və maneəsiz hərəkətinin təmin edilməsi, gündəlik səfər sayı iki milyon iki yüz min olan ictimai nəqliyyat istifadəçilərin təyinat nöqtəsinə əlavə vaxt itkisi, əsəsb və stress olmadan çatması baxımından avtobus zolaqlarının mövcudluğu mühüm əhəmiyyət kəsb edir.
Avtobus zolaqları dayanıqlı şəhər mobilliyinin təmin olunması, eləcə də ətraf mühitinin qorunması baxımından da əhəmiyyətlidir. Bu zolaqların olması bilavasitə şəhərdə nəqliyyat sıxlıqlarının azaldılmasına da zəmin yaradır. Belə ki, sıxlıq və tıxac zamanı marşrut xətləri üzrə avtobusların menəsiz hərəkət etməsi tədricən insanları şəxsi avtomobildən istifadədən çəkindirir və ictimai nəqliyyata yönləndirir. Məsələn: Bir var bir avtobusda 50-60 sərnişin hərəkət edir. Bir də var 50-60 sərnişini bir o qədər sayda minik avtomobili daşıyır.
Məhz bu cür vacib məqamları nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi paytaxtda avtobus zolaqları təşkil edir. Zolaqların təşkil edilməsi üçün seçilən küçə və prospektlər avtobusların hərəkət intensivliyi baxımından paytaxtın ictimai nəqliyyat dəhlizləri hesab olunur. Belə ki, sadalanan yollardan gün ərzində yüz minlərlə ictimai nəqliyyat istifadəçisi hərəkət edir”.