“Azərbaycanın yanındayıq”

“Azərbaycanın yanındayıq”
  • Cəmiyyət

  • 27 sentyabr tarixi Azərbaycanda və dünyadakı soydaşlarımız yaşayan digər ölkələrdə Şəhidlərin Anım günü kimi qeyd olunub. Güney Azərbaycan təşkilatları da torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnmiş 44 günlük Vətən Müharibəsinin başlandığı günlə bağlı bəyanat yayıb.

    LEQAL.AZ-ın məlumatına görə, Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulunun yaydığı bəyanatda deyilir:

    “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dahi rəhbərliyi ilə erməni təcavüzünə qarşı başlanan hərbi əməliyyatlar nəticəsində işğal olunmuş torpaqların böyük hissəsi ana vətənə geri qaytarıldı. 44 günlük İkinci Qarabağ savaşında Azərbaycanın igid əsgərləri, gizirləri və zabitləri öz canlarını qurban verərək 30 illik erməni işğalına son qoydu. Azərbaycan əsgəri beynəlxalq təşkilatların, o cümlədən mənasız qətnamələr qəbul edən BMT-nin 30 il çözə bilmədiyi münaqişəni həll etdi”.

    Bəyanat müəllifləri canını vətən yoluna fəda etmiş şəhidlərin xatirəsinə ehtiramlarını ifadə edib, sağlamlığını itirmiş qazilərə şəfa arzulayıblar.

    “Bu müqəddəs Vətən savaşında şəhid olan, yaralanan, 30 ildə erməni işğalına və cinayətkarlığına məruz qalan hər kəsi hörmətlə yad edirik. Azərbaycanın mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tuturuq”,-deyə bəyanatda bildirilir.

    Güney Azərbaycan təşkilatları Azərbaycanla sərhəddə hərbi təlimlərə başlamış İran rəhbərliyinin fitnəkar siyasətini pisləyib:

    “İran-fars rejiminin Azərbaycan cümhuriyyətinin sınırlarına ordu yığmasını və bəzi yetkililərin Azərbaycana qarşı uyğunsuz çıxışlarını şiddətlə qınayırıq. Biz Güney Azərbaycan Milli Hərəkatına daxil olan təşkilatlar hər zaman və hər yerdə Azərbaycan dövlətçiliyinin yanındayıq və onu hər cür təhlükələrdən qorumağa hazırıq”.

    Bəyanatı Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulunun üzvü olan aşağıdakı təşkilatlar imzalayıb:


    1. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC)
    2. Azərbaycan Mərkəz Partiyası (AMP)
    3. Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
    4. Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
    5. Güney Azərbaycan Demokrat Partiyası (GADP)
    6. Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
    7. Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
    8. Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)
    9. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)
    PAYLAŞ:

    Oxşar xəbərlər