LEQAL.AZ azərforum-a istinadən bildirir ki, 1989-cu ilin axırlarında Sverdlovskinin "Smena” qəzetində "Sovet milyonçuları ilə müsahibə” rubrikasında milyonçu kimi müsahibə verir.
1982-ci ildən Sibir, Ural, Moskva, Sverdlovski və s. əyalətlərdə Polis orqanlarında işləmiş, bir müddət sonra isə orqandan xaric edilmişdir. 1987-ci ildə Sverdlovsk əyalətinin Yuxarı Puşma şəhərində, uzaq Uralda "Təbriz" kooperativini qurmuş və SSRİ-nin ilk rəsmi milyonçusu kimi məşhurlaşmışdır.
1990-cı il 20 Yanvar faciəsində güllə-borana düşərək bu hadisədən ciddi psixoloji zədələr alır. 1 həftə sonra Vilnus şəhərinə gedərək qəzetlərdə 20 Yanvar faciəsinin beynəlxalq aləmə çatdırılması üçün müsahibələr verir. Birinci Qarabağ müharibəsi illərində orduya külli miqdarda vəsait ayırır.
1994-cü ildə Kalmıkiya Respublikasının Yaxın Şərq və Ərəb ölkələri üzrə səfiri təyin edilmişdir. Bir çox ərəb ölkələrində səfərdə olmuş, Səddam Hüseyn, Bəşər Əsəd hakimiyyətləri ilə görüşləri olmuşdur. O öz vəsaiti hesabına Rusiyada Həzrət Abbas məscidini tikdirib. 1997-ci ildə Əli ibn Əbu Talibin qılıncı "Zülfüqar"ın rəmzi istehsalına başlayıb, hər birini təmənnasız olaraq insanlara, səfərə getdiyi ölkələrin rəhbərlərinə bağışlayıb.
Cənnət əvvəlcə xristianlığı qəbul edir, daha sonra Krişnaya sitayiş etməyə başlayır. Başını qırxdırıb monax olur, 13 ay gecə-gündüz bu fəlsəfəni öyrənir. 11 otaqdan ibarət ikimərtəbəli imarətini insanlara ibadətgah kimi verir. 20 il ərzində bütün dini və şeytani cərəyanlara qoşulub. Şamanizm, sufilik, yoqa və digər cərəyanlara üzv olub.
Cənnət Əliyevin dinini tez-tez dəyişməsi ölkədə birmənalı qarşılanmır. Daha sonra İslam dinini qəbul edir, üzərində ayələr yazılmış bayrağı Bakıdakı teleqüllədə dalğalandırır, 12 metrlik "Zülfüqar” qılıncını hazırladaraq Azərbaycan ordusuna bağışlayır.
Cənnət Əliyevin babası Qaçaq Ziyarət çar zülmündən xilas olmaq üçün Araz çayını keçərək Cənuba pənah aparıb. O, qarşısına məqsəd qoyur ki, bir gün SSRİ-İran sərhədini yarıb babası Qaçaq Ziyarəti taparaq ata həsrətinə son versin. 80-ci illərin sonunda artıq milyoner kimi məşhurlaşan Cənnət öz "uşaqlıq arzusu"nu yerinə yetirməyə fürsət tapır. 1989-cu ildə "Təbriz" adlı ansambl quraraq öz adamlarına 4 nəfər gənc, lakin təhsilsiz müğənniləri tapıb onun yanına gətirmək tapşırığı verir. Həmin 4 nəfər Musa Musayev, Vuqar Yusubov, Cəlilağa və Şakir Quliyev qardaşları olur. Ansamblın ilk mahnısı Cənnətin bəstələdiyi "Təbriz" mahnısı olur. Mahnı ilk dəfə AZTV-nin “Dalğa” verilişində səslənir. Bu mahnı Azərbaycanda böyük rezonans doğurur.
İndi "Qızıl fond”da qalan "Təbriz” mahnısının bəstəkarı Cənnət Əliyevdir. Bu mahnının ilk ifaçısı Vüqar Yusifov, sonra isə Musa Musayev olub.
"Təbriz" mahnısı üçün klip çəkilişinə başlanır, Sverdlovskidə İset çayının sahilində klip üçün 2 km uzunluğunda saxta sərhəd çəkilir, klipin çəkilişinə külli miqdarda vəsait ayrılır. Həmin klip efirə getdikdən sonra, çəkilən saxta sərhəd yandırılıb həqiqi Araz sərhədinə çalanır. Mahnının səslənməsindən 20 gün sonra Naxçıvanda İranla sərhədləri vurub dağıdırlar.
1989-cı ildən öz təşəbüsü ilə paranormal hadisələrin araşdırılması fəaliyyətinə başlayıb. 2001-ci ildə parapsixoloq diplomu alıb. Uçan Naməlum Obyektlər (UNO) görmüş insanlarla görüşüb və özü də 2005-ci ildə Sverdlovskidə UNO ilə rastlaşdığını elan edib. 2005-ci ildə Leninin ruhu ilə əlaqəyə girmək üçün Ulyanovskidəki evində olub.
O, ruhlar dünyasının varlığını iddia edirdi: "Araşdırmalarımın nəticəsində bu qənaətə gəldm ki, yaşadığımız dünyanın xaricində həqiqətən də ruhlar dünyası var. Bəli, bu mif deyil, reallıqdır".
Etdiyi xeyriyyə əməllərinə görə tanınan Cənnət Əliyev bir müddət mənəvi rahatlığı vəhşi heyvanları saxlamaqda, kəndir üzərində gəzməkdə axtarıb. İş həyatında müxtəlif təzyiqlərlə qarşılaşıb. İstər rəsmi, istər qeyri-rəsmi şəxslər tərəfindən basqı alması özünəməxsus tərzdə istirahətə vaxt ayırmasına səbəb olub.
Bir müddət sonra Cənnət Əliyev var-dövlətini itirib. O, bunu mafioz qruplar tərəfindən qarət olunması ilə izah edib. Daha sonra isə onun fəaliyyətində yoxlamalar aparılıb və nəticədə Cənnət Əliyev həbs olunub. O, həbsi barədə danışarkən bildirib ki, yoxlamalar icazəsiz aparılıb və əsassız səbəblərlə tutulub. Daha sonra isə Cənnət Əliyev ruhi xəstəxanada müalicə alıb.
Son günlərini ibadətlə keçirən, xalq təbabəti ilə insanları müalicə edən Cənnət Əliyev 30 oktyabr 2014-cü ildə yüksək təzyiq səbəbindən Bakıda dünyasını dəyişib.
SSRİ-nin ilk milyonçusu Cənnət Əliyevin ən yaxın dostu İlham adlı şəxs xatirələrində deyir: “Onun mənəvi haqqını nəinki krişnaçılar, heç müsəlmanlar da vermədilər. Ömrünün son günlərinə kimi yanında qalan yeganə insan mən olmuşam. Onun həmişə üz tutduğu insan mən olmuşam. Bir dəfə yanıma gəlib dedi ki, İlham, üç gündür çörək yemirəm. Nə qədər desəm də ki, gəl, gedək bizə, yemək hazırlasınlar ye, getmədi. Restoranların birində onun qarnını doyurduq, cibinə pul qoydum. Ansamblın heç bir üzvü Cənnətin dəfnində iştirak etmədi. Nə Şakir Quliyev, nə Musa Musayev, nə də o biriləri. Heç indinin özündə də bilmirlər ki, Cənnət harada dəfn olunub”.