Oktyabrın 24-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi və Türk dünyası əlyazmalarının tədqiqi şöbələrinin birgə təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş “Əlyazma kitabı Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələr kontekstində” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib.
Konfransın keçirilməsində məqsəd tarixi çox qədimlərə söykənən Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələrinin, müştərək tariximizin, ədəbiyyatımızın əlyazma qaynaqları əsasında dəyərləndirilməsi və aktual problemlərinin müzakirəsi olub.
Tədbirdə giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, son illərdə Azərbaycan çoxəsrlik tarixinin ən şərəfli və möhtəşəm dövrünü yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində torpaqlarımızı erməni işğalçılarından azad etdiyini deyən akademik İsa Həbibbəyli Azərbaycanın bununla bütün dünyaya ədalətli müharibə aparmağın formulunu təqdim etdiyini bildirib. Qeyd edib ki, bu ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində isə Qarabağda Azərbaycanın suverenliyi tam bərpa edildi, oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə, Xocalıda dövlət bayrağımızı ucaltması ilətarixi ədalət ölkə başçısının uzaqgörənliyi sayəsində bərpa olundu: “Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Qarabağda qazandığımız qələbə, torpaqları başqaları tərəfindən zəbt olunan dövlətlər üçün model, başqalarının torpaqlarını işğal edənlər üçün isə bir gözdağı nümunəsidir.
Azərbaycan dünyada hər kəsin ərazi bütövlüyünə hörmətlə yanaşır, birgəyaşayışı, sülhsevərliyi, həmrəyliyi aşılayır”.
2023-cü ilin Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi baxımından əlamətdar il olduğunu deyən akademik İsa Həbibbəyli bu istiqamətlərdə AMEA-da onlarla tədbirin, konfransın, seminarların keçirildiyini, monoqrafik sanballı kitabların ərsəyə gəldiyini söyləyib.
Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətlərinin min illərə dayandığını söyləyən və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”sözlərini xatırladan AMEA prezidenti müasir dövrdə dövlətlərimiz arasında sıx əlaqələrin təməlini Ulu Öndərin “Bir millət, iki dövlət” strategiyasının təşkil etdiyini bildirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sıx dostluq, qardaşlıq münasibətləri sayəsində bu gün ölkələrimiz arasında münasibətlər özünün ən yüksək dövrünü yaşayır, “Şuşa Bəyannaməsi” isə möhkəmlənmiş hərbi müttəfiqliyimizin hərəkətverici qüvvəsinə çevrilib.
AMEA prezidenti Əlyazmalar İnstitutunun keçirdiyi konfransın Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin, qardaşlığının möhkəmlənməsinə sanballı töhfə olacağını deyib, bu tədbirin qardaş Türkiyənin 100 illiyinə Akademiyanın növbəti ərmağanı olduğunu bildirib.
AMEA ilə Türkiyənin elmi qurumları arasında əməkdaşlıq əlaqələrinə toxunan akademik İsa Həbibbəyli hazırda Akademiyanın Türkiyə Elmlər Akademiyası, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu və onun alt qurumları, Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) və bir çox ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Bu il ilk dəfə Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun 90 ildir qeyd etdiyi “Türk Dili bayramı”nın ilk dəfə Türkiyədən kənarda, Azərbaycanda, AMEA-da keçirildiyini xatırladıb.
Həmçinin noyabr ayında Bakıda Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumununnəzdində Türk Tarix Qurumu ilə “Rəvandan İrəvana və Qərbi Azərbaycana” mövzusunda konfransın keçiriləcəyini, AMEA-da TÜBİTAK-ın ofisinin açılacağını, TÜBİTAK-ın Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) rəhbəri ilə Akademiyada elektron xidmətlər şəbəkəsinin genişləndirilməsinə dair görüşün təşkil olunacağını diqqətə çatdırıb.
AMEA prezidenti konfransın təşkilində göstərdiyi dəstəyə görə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin(TİKA) Bakı nümayəndəliyinə minnətdarlığını bildirib, TİKA ilə Akademiyanın sıx əməkdaşlıqda maraqlı olduğunu ifadə edib.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli çıxışında tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin daim möhkəmləndiyini, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi qardaş dövlətlər arasındakı münasibətlərin bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətinin nəticəsi olaraq daha yüksək səviyyəyə çatdığını vurğulayıb.
Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtım müşaviri Muhittin Macit, TİKA Bakı Proqram koordinatoru Fatih Yılmaz və AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva çıxışlarında Azərbaycanla Türkiyənin qarşılıqlı münasibətlərini dostluğun, qardaşlığın zirvə nöqtəsi kimi səciyyələndirərək daim yüksələn xətlə inkişaf edən əlaqələrimizin köklərinin tarixin dərin qatlarından, dil və din eyniliyindən, ortaq ənənələrdən, milli mədəniyyətlərimizdən, xalqlarımızın həyat tərzindən və bu kimi digər amillərdən qaynaqlandığını vurğulayıblar.
Tədbirin açılış hissəsindən sonra Türkiyə Cümhuriyyətinin yaranma tarixi ilə əlaqədar qısa videoçarx nümayiş olunub və çıxış üçün söz məruzəçilərə verilib.
Türkiyənin Atatürk Universitetinin professoru Nimet Yıldırım “Gəncəli Nizaminin “Mahzenül-Esrar”ı”, AR Mədəniyyət Nazirliyi Hüseyn Cavid Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, fil.e.d. Gülbəniz Babaxanlı “Türkiyə ədəbi mühitinin Hüseyn Cavid yaradıcılığına təsiri”, Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin müdiri, fil.e.d., dosent Aygül Hacıyeva “Müstəqillik dövrü Azərbaycanda türkoloji fikrin yeni istiqaməti”, Pazmany Peter Catholic Universitetinin professoru Eva Csaki “Macar Türkologiyası və Budapeştdəki türk əlyazmaları”, Sankt-Peterburq Dövlət Universitetinin dosenti Nikolay Telitsin “Sankt-Peterburq Universitetinin Türk filologiyası kafedrasında türkdilli əlyazmaların öyrənilməsi”(“Изучение тюркоязычных рукописей на кафедре тюркской филологии Санкт-Петербургского Университета”), Əl-Fərabi adına Qazax Milli Universitetinin dosenti Oraz Sapaşev “Qazaxca yayımlanmış ilk kitablar: mövzuları və dil özəllikləri”, Əlyazmalar İnstitutunun dosenti Aybəniz Rəhimova “Dini qəhrəmanlıq yazılı abidələri Azərbaycan ədiblərinin yaradıcılığında”, Adam Mitskeviç adına Poznani Dövlət Universitetinin fəlsəfə doktoru Jacek Jarmoszko “Şifahi köçürmələrin tədqiqi: Füzuli Bağdadi lirikasında mətn dəyişikliyinin araşdırılması”(“Trasing oral residue: investigating textual variation in the lyrics of Fuzuli of Baghdad”), Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, dosent Lamiyə Rəhimova “XVII-XVIII əsr Azərbaycan və Osmanlı ədəbiyyatının forma və janr xüsusiyyətləri” mövzusunda məruzələrlə çıxış ediblər.
Konfrans bölmə iclasları ilə öz işinə davam edib.