Dekabrın 22-də xarici işlər naziri Ceyhun Bayramov İndoneziya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Hildi Hamidin etimadnaməsinin surətini qəbul edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən LEQAL.AZ-a bildiriblər ki, nazir Ceyhun Bayramov Azərbaycana səfir təyin olunması münasibətilə Hildi Hamidi təbrik edib və diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan ilə İndoneziya arasında mövcud olan dostluq münasibətlərini qeyd edən nazir bu əlaqələrin daha da inkişaf etdirilməsi əzmində olduğumuzu vurğulayıb. Ölkələrimizin həm ikitərəfli müstəvidə, həm də beynəlxalq platformalarda əməkdaşlığından razılıq ifadə olunub. İndoneziyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünə nümayiş etdirdiyi dəstək məmnunluqla qeyd olunub.
Səfir Hildi Hamid Azərbaycan hökumətini və Azərbaycan xalqını ərazi bütövlüyümüzün bərpa edilməsi və Qələbə münasibətilə təbrik edib. 10 noyabr tarixli üçtərəfli bəyanatın bölgədə sülhün təminatına xidmət edəcəyinə inam ifadə olunub. İndoneziyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığı və bölgədə sülhün təmin olunması üçün bundan sonra da ölkəmizin ədalətli mövqeyini dəstəkləyəcəyi vurğulanıb.
Səfir İndoneziyanın xarici işlər naziri xanım Retno Marsudinin salamlarını nazir Ceyhun Bayramova çatdırıb. O, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Səfirə təşəkkür edən nazir Ceyhun Bayramov indoneziyalı həmkarı ilə telefon danışığına istinad edərək, İndoneziya ilə dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi üçün potensialın mövcud olduğunu vurğulayıb.
Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.