Qafqaz Jurnalistləri Şəbəkəsi yaradılacaq

Qafqaz Jurnalistləri Şəbəkəsi yaradılacaq
  • Siyasət

  • Diasporla İş üzrə Dövlət Komitəsinin və “Timberwolf Phoenix” media şirkətinin təşkilatçılığı ilə “Ərazi bütövlüyü beynəlxalq hüququn bir hissəsi kimi: Azərbaycan nümunəsi” mövzusunda videokonfrans təşkil olunub.

    Dövlət Komitəsinin əməkdaşlarının, “Timberwolf Phoenix” media şirkətinin prezidenti Ben Minik və vitse-prezidenti İrina Tsukermanın da iştirak etdikləri videokonfransa müxtəlif ölkələrdə yaşayan 40-a yaxın jurnalist, siyasi ekspertlər və digər şəxslər qoşulublar.

    Komitədən LEQAL.AZ-a bildiriblər ki, tədbirin məqsədi Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyən beynəlxalq jurnalistləri bir araya gətirmək və Qafqaz Jurnalistləri Şəbəkəsini yaratmaqdır.

    Videokonfransda çıxış edən İrina Tsukerman və Ben Minik “Timberwolf Phoenix”in missiyası və fəaliyyəti, Azərbaycan ilə Ermənistan arasında müharibə zamanı “Republic-Underground” xəbər saytındakı məqalələrin baxış sayının 65 milyona çatması, eləcə də onlayn konfransın məqsədi barədə ətraflı məlumat veriblər.

    Sonra öz fəaliyyətləri barədə təqdimatla çıxış edən hər bir jurnalist tədbirin əhəmiyyətini vurğulayıb, Azərbaycanın ərazi bütövlüyünü tanıyan jurnalistlər şəbəkəsinin yaradılmasının önəmindən danışıblar.

    Tədbir Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi və hazırda siyasi müstəvidə baş verən hadisələrə həsr olunmuş videoçarxın nümayişi ilə davam edib.

    Müzakirələr zamanı Azərbaycan, Rusiya və Ermənistan arasında Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli razılaşmanın təfərrüatları, ABŞ-ın yeni prezidentinin bu məsələyə münasibəti, Avropa təşkilatlarının rəsmi sənədlərinin işlək mexanizmlərə malik olmaması, Azərbaycanın ərazi bütövlüyünün bərpasının nəticələri, azərbaycanlıların ermənilərlə gələcəkdə yanaşı yaşaması, münaqişənin həllindən sonra Cənubi Qafqaz regionundakı ölkələrin iqtisadi əhəmiyyəti və perspektivləri barədə fikirlər səsləndirilib, birtərəfli, qərəzli yanaşmaya qarşı mübarizə aparmaq məqsədilə jurnalistlərin bir platforma ətrafında birləşməsinin vacibliyi vurğulanıb.

    Sonda tədbir iştirakçıları Qafqaz Jurnalistləri Şəbəkəsinin yaradılması təklifini razılıqla qarşılayıblar.

    Qeyd edək ki, “Qafqaz Jurnalistləri Şəbəkəsi”nin əsas məqsədi Azərbaycanın haqlı mövqeyini dəstəkləyən jurnalistləri bir araya gətirmək, Azərbaycan həqiqətlərinin nüfuzlu media vasitələrinin köməyi ilə dünyaya çatdırılmasına nail olmaq, jurnalistlərin istinad edə biləcəyi obyektiv xəbərlər və məqalələr bazası formalaşdırmaq, tanınmış xarici jurnalistlərlə sıx əməkdaşlıq əlaqələri yaratmaqdan ibarətdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər