Kəlbəcər işğaldan azad edilir

Kəlbəcər işğaldan azad edilir
  • Siyasət

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanatın 6-cı bəndinə əsasən Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu bu gün Azərbaycana qaytarır.

    LEQAL.AZ report-a istinadən xəbər verir ki, işğalçı ölkənin bu sənədə qol çəkməsinə və Kəlbəcəri, habelə digər rayonları Azərbaycana qaytarmasına Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başladığı müharibədəki uğurlu hərbi əməliyyatlar səbəb olub. Müzəffər ordumuz Ermənistan silahlı qüvvələrinin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib, ərazilərimiz işğaldan azad olunub.


    Noyabrın 10-da Azərbaycan, Rusiya dövlət başçılarının və Ermənistanın baş nazirinin imzaladıqları sazişə əsasən bu gün Kəlbəcər Azərbaycana qaytarılır. Artıq bir neçə gündür ermənilər Kəlbəcəri tərk etməyə başlayıb. Kəlbəcərdə olan əcnəbi jurnalistlər bildirirlər ki, mülki əhalinin demək olar hamısı şəhəri və onun kəndlərini tərk edib. Yerli sakinlərdən bəziləri isə azərbaycanlıların əlinə keçməməsi üçün evlərə od vurublar. Bununla yanaşı, silah-sursatlarını, hərbi texnikalarını döyüş meydanında qoyub qaçan erməni döyüşçülərdən fərqli olaraq, mülki vətəndaşlar aparılması mümkün olan hər şeyi özləri ilə götürür, hətta pəncərə çərçivələrini, unitazları belə aparırlar. Eyni zamanda işğal olunmuş ərazilərimizdəki maddi-mədəni sərvətlərimizi dağıdır, qarət edirlər. Apara bilmədikləri hər şeyi isə yandırır, məhv edirlər.


    Bütün bunlar şübhəsiz ki, ermənilərin vandallıqlarını davam etdirdiyini, bədnam qonşularımızın mənəvi mahiyyətini 27 il sonra da dəyişmədiyini əyani sübut edir.

    Xatırladaq ki, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal edib. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.

    Hazırda Kəlbəcərin 71 000-dən çox əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb.

    Ermənistanın Kəlbəcəri işğal etməsindən sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunub. Ancaq sənəddən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Əksinə, BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcərdə ermənilərin süni şəkildə məskunlaşdırılmasına başlanılıb.

    Beynəlxalq təşkilatın qətnaməsinin tələblərini Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında, uğurlu hərbi əməliyyatlarla yerinə yetirdi. Azərbaycan Ordusu bununla da ərazi bütövlüyümüzü bərpa etmək qüdrətini bir daha sübut etdi. O da sübut olundu ki, tarixdəki bütün işğallar gec-tez aradan qaldırılır, təcavüzkarlıqların sonu haqq-ədalətin qələbə qazanması ilə nəticələnir.


    PAYLAŞ:

    Oxşar xəbərlər