Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.
LEQAL.AZ xəbər verir ki, Qanuna əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində aşağıdakı dəyişikliklər edilib:
- 522-ci maddə üzrə:
- 522.1-ci maddə 522.1-1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 522.1-ci maddə əlavə olunur:
“522.1. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması xarici dövlətlərin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında, yaxud Azərbaycan Respublikasında həyata keçirilən cinayət təqibi ilə əlaqədar zərurət yarandıqda bu Məcəllənin 522 – 525-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”;
- Aşağıdakı məzmunda 522.3-1-ci maddə əlavə edilir:
“522.3-1. Azərbaycan Respublikasının Baş Prokurorluğu xarici dövlətin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında, yaxud Azərbaycan Respublikasında həyata keçirilən cinayət təqibi ilə əlaqədar zərurət yarandıqda xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması barədə bu Məcəllənin 522.6-cı maddəsində nəzərdə tutulmuş qaydada təqdimat verir.”;
- 522.4-cü maddənin birinci abzası aşağıdakı redaksiyada verilir:
“522.4. Xarici dövlətin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında bu Məcəllənin 522.3-1-ci maddəsində nəzərdə tutulan təqdimat aşağıdakı hallardan hər hansı biri mövcud olduqda verilir:”;
- 522.4.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 522.4.5-ci maddə əlavə edilir:
“522.4.5. xarici dövlətlərin məhkəmələri tərəfindən müsadirə edilməsi barədə hökm və ya digər yekun qərar çıxarılmış əmlak Azərbaycan Respublikasında yerləşirsə.”.
- 523.1.9-cu maddədə “məhkum olunmuş şəxsə” sözləri “barəsində hökm və ya digər yekun qərar çıxarılmış şəxsə və törədilmiş cinayətə” sözləri ilə əvəz edilir.
- 524.5.7-ci maddə ləğv edilir.
- Aşağıdakı məzmunda 525.5-ci və 525.6-cı maddələr əlavə edilir:
“525.5. Bu Məcəllənin 525.4-cü maddəsi müsadirə edilmiş əmlakdan və ya onun dəyərindən zərər çəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi və ya müsadirə edilmiş əmlakın qanuni sahibinə qaytarılması hallarına şamil edilmir. Bu fəslin müddəaları çərçivəsində zərər çəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi və ya əmlakın qanuni sahibinə qaytarılması üçün əmlak və ya onun dəyəri məhkəmə və əmlakın saxlama məsrəfləri çıxılmaqla sorğu edən dövlətə tam həcmdə qaytarılır.
525.6. Şəxsin cinayət əməlinə görə məhkum edilməməsi əmlak müsadirəsi barədə xarici dövlətlərin məhkəmələrinin yekun qərarlarının tanınmasını istisna etmir.”.