Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə səfər etmişdir.
Qeyd edək ki, bu il ərzində Prezident İlham Əliyevin Türkmənistana ikinci səfəridir. Bundan öncə Qazaxıstan, Özbəkistan və Qırğızıstanla çox ciddi nəticələr doğuran çoxsaylı təmaslar baş tutmuşdu.
Azərbaycan-Türkmənistan əlaqələri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər. Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir. Mərkəzi Asiya xalqları içərisində milli mənsubiyyət baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri məhz türkmənlər hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır.
Son illər, xüsusilə Vətən müharibəsi nəticəsində ərazilərini işğaldan azad etdikdən sonra Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yüksək irəliləyiş müşahidə olunur. Hazırda Azərbaycanın Mərkəzi Asiya, regionun türkdilli dövlətləri, o cümlədən Türkmənistanla genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir və strateji səviyyəyə yüksəlir. Bu il Türkmənistan Prezidentinin Azərbaycana, dövlətimizin başçısı İlham Əliyevin isə Aşqabada səfərləri, həmin səfərlər zamanı aparılan müzakirələr və əldə olunmuş razılaşmalar əlaqələrimizin gələcək istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır.
Prezident İlham Əliyevin Türkmənistana səfəri, Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşünün təşkil edilməsi bütövlükdə Türk dünyası üçün çox ciddi hadisədir. Qütblərarası ziddiyyətin dərinləşdiyi, qüvvələr balansının tez-tez dəyişdiyi bir çağda Türk dünyasının bir mərkəz kimi çıxış etməsi, mövcud geosiyasi böhranın təsirlərini fürsətə çevirməsi artıq Böyük Türk Dönəminin başlamasından xəbər verir.
Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Biz haqlı olaraq xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına verdiyi böyük töhfələri ilə qürur duyuruq.
Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır.
Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi Türk dünyası tarixində yeni bir səhifə açıb. Türkiyə və Mərkəzi Asiya arasında artıq qalib, qüdrətli Azərbaycanın, Azərbaycan rəhbərliyində isə İlham Əliyev kimi praqmatik və nüfuzlu liderin olması əsrlərdir sadəcə arzu olaraq qalan Türk Birliyi üçün yeni və real şansa çevrilib. Əlbəttə, qardaş Türkiyənin, habelə Mərkəzi Asiyadakı Türk liderlərin bu prosesdə qətiyyətli addımları və ifadə etdikləri mövqe xüsusi vurğulanmalıdır.
Ceyhun Hüseynov,
Masallı RMX İƏ söbəsinin mütəxəssisi