Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əlaqələrini yeni reallıqlara uyğun şəkildə inkişaf etdirir

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əlaqələrini yeni reallıqlara uyğun şəkildə inkişaf etdirir
  • Cəmiyyət

  • Bu gün dünyada gedişini müşahidə etdiyimiz proseslər, cərəyan edən hadisələr birmənalı olaraq bunu deməyə əsas verir ki, yeni dünya düzəninin formalaşması yeni çağırışlar və təəssüflər olsun ki, həm də yeni təhdidlərlə müşayiət olunur. Təbii ki, bu təhdidlər qarşısında yalnız güclü ölkələr duruş gətirə biləcəklər. Müxtəlif beynəlxalq platformalarda etdiyi çıxışlarında bu həyati əhəmiyyət kəsb edən məsələyə dair dəfələrlə öz fikirlərini bildirən Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman vurğulamışdır ki, bu gün beynəlxalq hüququn işləmədiyi və məhz güc faktorunun dünyada getdikcə daha çox həlledici amilə çevrildiyi təkzibolunmaz faktdır. Belə olan vəziyyətdə təbii ki, kiçik dövlətlər, xüsusilə də zəngin təbii sərvətləri olan ölkələr öz təhlükəsizliklərini təmin etmək üçün zəruri addımlar atmalıdırlar. İqtisadiyyatın gücləndirilməsi, bu əsasda hərbi qüdrətin artırılması hər bir ölkənin öz müstəqilliyini təmin edə bilməsi üçün tələb olunan zəruri şərtlərdəndir. Eyni zamanda da dost ölkələrlə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, bu əməkdaşlığın həmçinin hərbi sahədə inkişaf etdirilməsi və bu əsasda sağlam müttəfiqlik münasibətlərinin qurulması da bu və ya digər dövlətin xarici təhdidlər qarşısında özünümüdafiə imkanlarını artıran tədbirlər kimi dəyərləndirilməlidir.

    Xatırlamaq yerinə düşər ki, keçən ay Səmərqənddə keçirilmiş Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə etdiyi çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyev Türk dövlətlərinin bundan sonra daha çox bir-birilərinin milli maraqlarını nəzərə alaraq qarşılıqlı dəstək və həmrəylik göstərmələrinin, siyasi, iqtisadi, elmi-texnoloji və humanitar sahələrlə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıqlarını fəallaşdırmalarının vacibliyini qeyd etmişdi. Öz növbəsində Azərbaycan türkdilli ölkələrlə istər Təşkilat çərçivəsində, istərsə də ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq əlaqələrinin inkişafına böyük önəm verir. Şübhəsiz, 14 dekabr tarixində Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşü də Azərbaycan, Türkiyə və Türkmənistan arasında əlaqələrin daha da dərinləşməsinə və möhkəmlənməsinə əhəmiyyətli töhfə olacaq.

    Vətən müharibəsi nəticəsində ölkənin ərazi bütövlüyü bərpa olunduqdan sonrakı dövr ərzində Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yüksək dinamika müşahidə olunur.Azərbaycanın regionun türkdilli dövlətləri, o cümlədən Türkmənistanla əlaqələrinin yeni reallıqlara uyğun şəkildə inkişaf etdiyini və strateji səviyyəyə yüksəldiyini vurğulayıb: Bu il Türkmənistan Prezidentinin Azərbaycana, dövlətimizin başçısı İlham Əliyevin isə Aşqabada səfərləri, həmin səfərlər zamanı aparılan müzakirələr və əldə olunmuş razılaşmalar əlaqələrimizin gələcək istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır. Məlumdur ki, Azərbaycan-Türkmənistan əlaqələri qədim tarixə malikdir. Eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malik olan xalqlarımızı dil və din eyniliyi də birləşdirir. Həmçinin diqqətəlayiq bir məqam da budur ki, Mərkəzi Asiya xalqları içərisində milli mənsubiyyət baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri, bəlkə də birincisi  məhz türkmənlər hesab olunur. Təbii ki, müasir münasibətlərin formalaşmasında Azərbaycan və Türkmənistanın keçmiş SSRİ-nin tərkibində müttəfiq respublikalar olması faktı da əhəmiyyətli rol oynayır. Artıq həmin dövrdən respublikalarımız arasında iqtisadi və mədəni əlaqələr yaranıb. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra isə bu münasibətlər daha da inkişaf etməyə başlayıb. 

    Qeyd edək ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin dekabrın 14-də Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovun dəvəti əsasında bu ölkəyə etdiyi səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Səfər çərçivəsində Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin birinci Zirvə Görüşü keçirilib. Bunu da demək lazımdır ki, dövlət başçılarının bundan əvvəl, 2008 və 2014-cü illərdə də üçtərəfli görüşləri olsa da, bu təmaslar sistemli xarakter daşımayıb. Bu ilki Türkmənbaşı Sammiti isə artıq üç ölkə arasında münasibətlərin tamamilə yeni bir mərhələyə daşındığını deməyə əsas verir. Prezident cənab İlham Əliyevin Sammitdəki çıxışında qeyd olunduğu kimi, Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzalanmış Şuşa Bəyannaməsi ölkələrimiz arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. Azərbaycan ilə Türkmənistan arasında isə 2017-ci ildə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. Bu gün ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edirlər.

     Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq əlaqələrinin neft-qaz və nəqliyyat-logistika sahələrində daha geniş perspektivlərə malik olduğunu qeyd edərək bunları deyib: Məlumdur ki, hazırda nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Bu sahədə bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır. Öz növbəsində Azərbaycan bu gün artıq bütün Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımalar, o cümlədən  Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi hər il artır. Bu arada qeyd etmək lazımdır ki, hazırda Xəzər dənizi hövzəsində Azərbaycan limanlarına daxil olan və Türkmənistan bayrağı altında üzən 10-a yaxın gəmi fəaliyyət göstərir. 

    Daşımaları stimullaşdırmaq məqsədilə Türkmənistan bayrağı altında üzən gəmilərə münasibətdə liman yığımlarına Bakı Limanı tərəfindən birtərəfli qaydada güzəşt tətbiq edilib. Təbii ki, Cənubi Qafqazın logistik imkanlarını artırmaq üçün Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsindən sonra yaranmış reallıqlardan maksimum yararlanmaq lazımdır. Regionda nəqliyyat arteriyalarının daha da şaxələnməsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və Zəngəzur dəhlizinin açılması ilə təmin olunacaq. Zəngəzur dəhlizi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin vacib elementinə çevriləndən sonra Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların həcmi dəfələrlə artacaq. Dəhlizin regionda yeni nəqliyyat imkanları yaratması Avropa ilə Asiyanın daha sıx birləşməsini təmin edəcək.

     


    Rusif Kərimov,
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi
    PAYLAŞ:

    Oxşar xəbərlər