Noyabrın 23-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər.
LEQAL.AZ xəbər verir ki, əvvəlcə Serbiya Prezidenti bəyanatla çıxış etdi.
Sonra Azərbaycan Respublikasının Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli cənab Prezident.
Hörmətli xanımlar və cənablar.
İlk növbədə, cənab Prezident, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Gözəl ölkənizə dəvətə görə də Sizə minnətdaram. Eyni zamanda, Azərbaycan haqqında dediyiniz xoş sözlərə görə də Sizə təşəkkürümü bildirirəm. Bu, əsl dostun sözləridir. Bizi Prezident Vuçiç ilə dostluq əlaqələri bağlayır və hesab edirəm ki, Serbiya-Azərbaycan əlaqələrinin sürətli inkişafında bu amil önəmli rol oynamışdır.
Aramızda imzalanmış sənədlər ikitərəfli əlaqələrimizin hüquqi bazasını təşkil edir və onların arasında, əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur. Biz sözün əsl mənasında strateji tərəfdaşıq. Çünki bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və bizim əməkdaşlığımızın strateji hədəfləri var.
Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir. Prezident Vuçiçin dediyi kimi, ölkələrimizin suverenliyi, ərazi bütövlüyü qarşılıqlı surətdə dəstəklənir və bu mövqe birmənalıdır, dəyişməzdir və dəyişməz olaraq qalacaq. Eyni zamanda, Prezident Vuçiçin beynəlxalq təşkilatlarla bağlı dediyi sözlərə də şərh verərək bir neçə kəlmə demək istərdim. Bizim torpaqlarımız uzun illər işğal altında idi. Dünyanın aparıcı beynəlxalq təşkilatları bu işğalla bağlı önəmli və həqiqəti əks etdirən qərar və qətnamələr qəbul etmişdilər. Onların arasında, əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini qeyd etməliyəm. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb edilirdi. BMT-nin Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT, yəni, bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər, ancaq məsələ öz həllini tapmırdı. Bu nəyi göstərir? Onu göstərir ki, beynəlxalq təşkilatların qərar və qətnamələri, onların icrası selektiv xarakter daşıyır. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir, bəzi hallarda isə bir neçə saat ərzində icra edilir. Amma bizim məsələmizə gəldikdə, biz 27 il bu qərarların icrasını gözləyirdik və buna nail ola bilmədik. Ona görə dünya ictimaiyyəti beynəlxalq təşkilatların gələcək fəaliyyəti ilə bağlı öz təkliflərini verməlidir. Biz də Azərbaycan olaraq buna hazırıq. Çünki qəbul edilmiş qərarlar əgər həyatda öz əksini tapmırsa, yerinə yetirilmirsə, əlbəttə ki, bu, çox düşündürücüdür.
Biz nəticə etibarilə görəndə ki, bütün bu səylər, o cümlədən aparılan danışıqlar səmərə vermir, güc amilindən istifadə etdik. Beynəlxalq hüquq bu imkanı bizə verirdi, BMT-nin Nizamnaməsi bu imkanı bizə verirdi, özünümüdafiə etmə haqqı bütün dövlətlərə şamil edilməlidir, o cümlədən Azərbaycana. Biz güc yolu ilə öz ərazi bütövlüyümüzü bərpa etdik, ədaləti bərpa etdik və artıq iki ildir ki, Azərbaycan xalqı azad edilmiş torpaqlarda qurub-yaradır, binaları bərpa edir, bütün o böyük ərazini – 10 min kvadratkilometrdən böyük olan ərazini yenidən qurur.
Biz, əlbəttə ki, bu və digər məsələləri ölkələrimizin maraqlarının prizmasından təhlil edirik və bu gün ikitərəfli formatda bir çox beynəlxalq məsələlərə də toxunduq. Eyni zamanda, regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Mənim dostum Aleksandar dediyi kimi, energetika sahəsindəki əməkdaşlığı müzakirə etdik və bu gün bu müzakirələr davam edəcək. Təbii qaz, elektrik enerjisi sahələrində əməkdaşlıq üçün yeni imkanlar var. Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və bizim rolumuz getdikcə artacaq. Əlbəttə ki, ilk növbədə, biz dost olan ölkələrlə bu sahədə və bütün başqa sahələrdə əməkdaşlığı dərinləşdirmək fikrindəyik. O cümlədən hərbi-texniki sahədə əməkdaşlıq aparılır və bu əməkdaşlığın daha da dərinləşməsi, daha geniş vüsət alması istiqamətində əlavə addımlar atılacaqdır.
Bir sözlə, biz bu gün növbəti illər üçün bir gündəlik tərtib etdik. Əlbəttə ki, prezidentlər bu gündəliyi diqqətdə saxlayacaqlar, bu məsələlərin icrasına nəzarət edəcəklər. Bunu daha operativ və səmərəli şəkildə etmək üçün əlbəttə ki, biz tez-tez görüşməliyik.
Mən əziz dostumu, Prezident Vuçiçi Azərbaycana səfərə dəvət etdim. Hesab edirəm ki, ilin sonuna qədər bu səfər gerçəkləşə bilər və ondan sonra, əlbəttə, mən də yenidən gələcəyəm. Mənim Serbiyaya səfərim bir qədər uzandı, yəni, bir qədər gecikdi. Çünki Prezident Vuçiç üç il yarım bundan əvvəl Azərbaycanda idi. Mən də cavab səfəri etməli idim. Amma COVID-in müdaxiləsi nəticəsində bir qədər ertələndi. Amma yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam. Belə səfərlərimiz çox olacaq. Bizim dostluğumuz da əbədi olacaq. Qonaqpərvərliyə və diqqətə görə bir daha təşəkkürümü bildirirəm.