Prezident İlham Əliyev “Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin yaradılması və “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli 223 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.
LEQAL.AZ-ın məlumatına görə, Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb və Fondun Nizamnaməsi təsdiq edilib.
Fondun nizamnamə fondu 4157866,0 (dörd milyon yüz əlli yeddi min səkkiz yüz altmış altı) manatdır.
Azərbaycan Elm Fondu təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqatların və digər elmi tədbirlərin qrant şəklində məqsədli maliyyələşdirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası həyata keçirir. Fondun fəaliyyətinə cari rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir.
Fond bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edəcək.