Prezident İlham Əliyev Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında Sərəncam imzalayıb.
LEQAL.AZ xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişaf etdirilməsi məqsədilə qərara alınır:
- Azərbaycan Respublikasının ərazisində yeni modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.3-cü yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı bu Sərəncama əlavəyə uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ayrılsın.
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncama əlavədə nəzərdə tutulmuş bölgüyə uyğun olaraq maliyyələşməni təmin etsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
- Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.