Düşmənin hərbi fiasko qorxusu günbəgün artır

Düşmənin hərbi fiasko qorxusu günbəgün artır
  • Siyasət

  • Rəşadətli Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünü bərpa etmək yolunda inamla irəliləyir. Gözümüz televiziya ekranlarında, sosial şəbəkə seqmentlərində, qulağımız Müdafiə Nazirliyinin rəsmi məlumatlarındadır. Təcavüzkar Ermənistan ordusuna döyüş meydanlarında sarsıdıcı zərbələr vurulur. Otuz ildən bəri düşmən tapdağında inləyən torpaqlarımız, əzəli yurd yerlərimiz qarış-qarış, addım-addım, kənd-kənd təmizlənir və salamat qalmış uca binaların başına üçrəngli, Ay-ulduzlu Azərbaycan bayraqları sancılır. Cəbhə xəttindən gələn “barıt qoxulu” xəbərlər “Öncə Vətəndir!” şüarının təntənəsindən soraq verir, Böyük Qələbəyə doğru gedən yolumuzu nəfəs-nəfəs, səngər-səngər, mövqe-mövqe qısaldır, vətənpərvər oğullarımızın qəhrəmanlıq salnaməsinə çevrilir.

    Ermənilərin itkiləri sayagəlməzdir

    Azərbaycanın Müdafiə Na­zirliyinin son məlumatlarında bildirildiyinə görə, ötən günlərdə Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində ordu bölmələrimizin mövqelərini və ya­şayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlarıdan atəşə tutub və layiqli cavablarını alıblar. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur olub.

    Cəbhənin Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində döyüş mövqelərinin artilleriya atəşinə tutulması nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var. Bir neçə avtomobil texnikası və minaatan qurğusu sıradan çıxarılıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qarşı tərəfin 6-cı dağatıcı alayının 1-ci taboru böyük itkilər verib. Düşmənin D-30 artilleriya di­vizionunun 3-cü batareyasının topları da sıradan çıxarılıb.

    Gizli sənədlər düşmənin qanunsuz məskunlaşma apardığını təsdiqlədi

    İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binaya baxış zamanı bəzi sənədli materiallar aşkarlanıb. Onların arasından Suriya vətəndaşlarına aid siyahı və pasport­ların surətləri çıxıb. Məlum olub ki, siyahıda adları qeyd olunmuş 60 suriyalı erməni (19 ailə) işğal olun­muş ərazilərdə Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşma zamanı Zəngilana köçürülüb.

    Adları açıqlanan “gəlmələr” sırasında 1964-cü il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Haseke bölgəsinin sakini Baazo Hraj Sepob (pasport: 015-11-L021693), 1969-cu il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Hələb şəhərinin sakini İskandarian Hartion Avadis (pas­port: 004-11-L128622),1962-ci ildə Suriyada anadan olmuş Ermənistan vətəndaşı Kirakos Babki (pasport: AM 0709227) və başqalarının adları keçir. Onlara verilmiş pasportların kserosurətləri buna aşkar sübutdur. Qeyd olunan istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    Yerevan barıt çəlləyinə dönür

    Erməni əsgərləri Nikol Paşinyan hakimiyyətinin merkantil maraqları­nın qurbanına çevriliblər. Gündəlik xəbərlərdə onlarca silahlının məhv edildiyi, ağır yaralandığı və ya itkin düşdüyü bildirilir. Cəbhədəki ağır məğlubiyyətlər – Azərbaycanla qar­şıdurmada hərbi fiasko qorxusu baş naziri küncə sıxışdırmaqdadır. Qon­darma DQR-dəki vəziyyətin kardinal şəkildə ermənilərin ziyanına dəyişməsi Yerevanda kütləvi narazılıqlara səbəb olub və əhalinin etiraz əlaməti olaraq küçələrə, meydanlara axışmasına səbəb olub. Artıq sadə ermənilər, siyasi müxalifət nümayəndələri, ölüsü-qaldısı bilinməyən əsgərlərin valideynləri mənasız müharibənin uduzulduğunu car çəkir, hökuməti istefaya çağı­rır, sayagəlməz itkilərə görə cavab verməyi tələb edirlər. Hətta bəzi xəbər lentlərində Yerevanda kütləvi etirazların qarşısını almaqdan ötrü, onsuz da silah-sursat sarıdan aşkar şəkildə kəskin korluq çəkən Dağlıq Qarabağın mərkəzi Xankəndidən oraya hərbi texnika daşındığı barədə məlumatlar da yer almaqdadır. Müxalifət nümayəndələrini zorla tutub döyüş bölgələrinə göndərməklə məhv olmalarını istəyən Ermənistan rəhbərliyi bu yolla onların sıraları­nı hakimiyyət uğrunda kəskinləşən mübarizədə seyrəltmək niyyəti güdür. Qarabağ cəbhəsində iflasa uğrayan Ermənistan hakimiyyəti, digər tərəfdən Yerevandakı siyasi qarşıdurmada mövqelərini əldən verir. İndi Yere­vanda Şuşa və Xankəndinin tezliklə Azərbaycan Ordusunun nəzarəti altına keçəcəyi ilə bağlı ciddi təşviş yaşandı­ğı birmənalıdır.

    Generallar sıradan çıxır

    Gələn xəbərlərdə erməni gene­ralitetinin itkiləri də əsas yer tutmaq­dadır. Bundan faşist ali komandanlıq nümayəndələrinin məhvinin necə artan silsilə yaratdığı görünür. Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələri Baş Qərargah Kəşfiyyat Müdirliyinin başçısı, general-mayor Arakel Martik­yan təmas xəttində partlayış nəticəsində ölüb. Həmin ayın 30-da Ermənistan silahlı qüvvələrinin generalı Arşavir Gharamyanın cəbhə bölgəsində məhv edildiyi bildirilib. Oktyabrın 14-də general-mayor Artak Tonoyan işğal altındakı Azərbaycan ərazilərində məhv edilib. Noyabrın 3-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sədr müavini, general-mayor Qriqori Qriqoryanın, guya, koronavirusdan öldüyü barədə xəbər yayılıb. Daha sonra isə qondar­ma DQR-in “müdafiə naziri” Calal Arutunyanın ölüm xəbəri tirajlanıb. Ermənistan gizlətsə də, yenə ali çinli qurbanları var, bir-iki günə üzə çıxar.

    Onu da qeyd edək ki, son məlumatlara görə, Şuşa uğrun­da şiddətli döyüşlərin gedişində Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Seyran Ohanyan ağır yaralanıb. Cinayətkar “Xocalı qəhrəmanı” olan Ohanyan bundan bir neçə gün əvvəl Şuşanın hərbi komen­dantı “təyin edilmişdi”. Azərbaycanın rəsmi mənbələri onun yaralan­ması barədə xəbəri təsdiqləyiblər. Düşmən ölkənin sabiq baş qərargah rəisi, dörd aydan bəri Ermənistanın Hərbi-Sənaye Komitəsinin sədri olan general-leytenant Artak Davityan isə döyüş əməliyyatlarını koordinasiya etmək üçün gəldiyi Dağlıq Qarabağ­dan qaçaraq təcili Yerevana yollanıb. Özü də bildirib ki, mənim orada görə biləcəyim iş qalmayıb. – Bu da qaniçən general Andronik Ozanyanın xələfləri!..

    Xüsusi təyinatlılar məhv edilib

    Son döyüşlər zamanı Ermənistanın xüsusi təyinatlı 022-ci hərbi hissəsinin şəxsi heyəti düşdüyü mühasirədən çıxa bilməyərək məhv olub. Azərbaycanın Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, döyüş əməliyyatları başlanandan “könüllü”lərin də qoşul­duğu 178-ci xüsusi kəşfiyyat batalyonu mövqelərini tərk edib qaçan zaman xeyli sayda canlı qüvvə itkisi verib, onun şəxsi heyətindən yaralananlar da çoxdur.

    NEWS.ru-nun yazdığına görə, qarşıdan qış mövsümünün gəlməsi, adətən, manevr baxımından hücum edənin deyil, müdafiə olunanın xeyrinə olsa da, Qarabağda bu, əksinədir. Çünki cəbhənin konfiqurasiyası və güc nisbəti vaxtın Azərbaycana işlədiyini göstərir. Son bir neçə günün döyüş mənzərələri də Şuşa, Xankəndi və digər strateji yerlərin ermənilər üçün, necə deyərlər, tükdən asılı vəziyyətdə olduğunu göstərir. Hərbi ekspertlər bu yöndə cəmləşmiş Azərbaycan batal­yonlarının tezliklə müdafiəni tam ya­racağını və erməni qoşunlarının qalan qruplaşmalarından təmizləyəcəklərini birmənalı şəkildə proqnozlaşdırırlar. Üstəgəl, erməni tərəfin əsgər çatışmaz­lığı, diversiya-kəşfiyyat bölmələrinin başlarını itirməsi, texnika və silah-sur­sat, həmçinin ərzaq qıtlığı. Daha yaralı erməni döyüşçülərini də Yerevana asanlıqla yollamaq mümkün deyil və s.

    Paşinyan hər iki cəbhədə uduzur

    Rusiya saytları indi Ermənistanın tam məğlub olacağı günün çox da uzaqda olmadığı mövzusuna daha tez-tez müraciət edirlər. Bildirilir ki, münaqişə aktiv fazaya keçəndən bəri Nikol Paşinyanın bütün addımları düşünülməmiş olub və ucuz şöhrət xatirinə atılıb. O, atəşkəsə razılaş­mır, Rusiya Prezidenti Vladimir Putinlə görüşə can atır və KTMT çərçivəsində hansısa müttəfiqlik öhdəliklərini əsas gətirərək kömək diləyir. Xəbərlərdə Nikolun həm də ölkədaxili problemləri görməzdən gəldiyi vurğulanır. Koronavirus pandemiyasının sürətlə yayılması nəticəsində bu ölkədə 100 mindən artıq yoluxma qeydə alınıb.

    Paşinyanın haqq divanından heç yana qaça bilməyəcəyi, erməni xalqını onu hər yerdə tapacağı xəbər manşetlərini bəzəyir. Bir sözlə, Ermənistanda ilk növbədə dövlət hakimiyyətinin çürüməsi pik həddə çatıb.

    Əli Nəcəfxanlı


    PAYLAŞ:

    Oxşar xəbərlər