Azərbaycan tərəfdə mücahidlərin döyüşdüyü barədə deyilənlər doğru deyil. Mən bilmirəm bu məlumat niyə yayılmışdı və hələ də yayılır.
LEQAL.AZ xəbər verir ki, Prezident İlham Əliyev bu barədə İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində muzdlular məsələsinə dair suala cavabında bildirib.
Bununla bağlı heç bir dəlil, sübut təqdim olunmadığını vurğulayan dövlətimizin başçısı deyib: “Hamısı sözlər idi və bu sözlər münaqişənin ilk günlərində söylənmişdi. Siz (qəzetin müxbiri-red.) Prezident Makronun bununla bağlı bəyanatına istinad etdiniz. Bu, yalnız münaqişənin ilk günlərində idi. O vaxtdan bu yana biz bu cür bəyanatlar eşitməmişik. Bu, birincisi. Heç bir sübut, heç bir dəlil. İkincisi, ehtiyac yoxdur”.
Prezident qeyd edib ki, Azərbaycanın 100 min döyüşçüdən ibarət nizami ordusu var. “Tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox adam səfərbər edə bilərik. Bizim müasir silahlarımız var. Mükəmməl texnologiyamız var və bizim çox yüksək döyüş ruhumuz var. Ona görə də, buna ehtiyac yoxdur. Lakin əfsuslar olsun ki, digər tərəfdə baş verənlərə məhəl qoyulmur”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.