“Vətən” Muğam Qrupu Türkiyədə Beynəlxalq Festivalda
19–23 sentyabr tarixlərində Türkiyədə keçirilən beynəlxalq mədəniyyət tədbirlərində Azərbaycanı qürurla təmsil edən “Vətən” muğam qrupu beynəlxalq festivalda iştirak edib.
Tədbir Türkiyənin Eskişehir şəhərində Odunpazarı Bələdiyyəsinin sədri Kazım Kurtun təşkilatçılığı ilə baş tutan “Şehrin Ateşi - IX Beynəlxalq Eskişehir Odunpazarı Seramik Pişirim Teknikleri Çalıştayı” və “Camın Büyüsü - XI Odunpazarı Beynəlxalq Cam Festivalı” çərçivəsində təşkil olunub. Festivalda bir çox şəhərin bələdiyyə sədrləri Kazım Kurt, Eskişehir Millət Vəkili İbrahim Arslan, Utku Çakırözer, Tepebaşı bələdiyyə sədri Ahmet Ataç , Erhan Güzel, eləcə də Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov iştirak ediblər. Tədbir 19 sentyabr tarixində Arasta Çarşısında saat 19:00-da təşkil olunan möhtəşəm konsert proqramı ilə start götürüb.
Bu möhtəşəm festivalda “Vətən” muğam qrupunun üzvləri — xanəndə Səfalı Mirzəliyev, tarzən Ruslan Zərbaliyev, kamança ifaçısı Pərviz Fərhadov və nağara ifaçısı Siyavuş Kərimovun çıxışları dinləyicilərə unudulmaz anlar bəxş edib. Qrupla yanaşı, Azərbaycan Milli Konservatoriyasının tələbələri Ayxan İmanov və Nuray Hacıyeva da festivalda iştirak ediblər.
Səfər çərçivəsində türkiyəli iş adamı, “Aker” Şirkətlər Qrupunun rəhbəri Okan Aktaş tərəfindən 20 Sentyabr – Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə xüsusi, təntənəli tədbir təşkil olunub. Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman Qarabağ qaziləri də iştirak edərək mənəvi dəstəklərini nümayiş etdiriblər.
Proqram çərçivəsində böyük maraqla qarşılanan “Vətən” muğam qrupu Eskişehir televiziya kanalına da dəvət alaraq xüsusi verilişdə qonaq olub. Qrup üzvləri Azərbaycan muğam sənətinin incəliklərindən bəhs edib, milli musiqimizi geniş tamaşaçı auditoriyasına təqdim ediblər.
Tədbirlərin sonunda təmsilçilərimizin hər biri fəxri fərman və qiymətli hədiyyələrlə təltif ediliblər.
Bu möhtəşəm səfər və tədbirlər silsiləsi Azərbaycan-Türkiyə qardaşlığının, mədəni birliyinin və tarixi zəfərimizin növbəti təntənəsinə çevrilib.
Qeyd edək ki, “Vətən” muğam qrupunun üzvləri respublika və beynəlxalq müsabiqələrin qalibləri, TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının orkestrinin solistləri, eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Azərbaycan Milli Konservatoriyasının müəllimləridirlər.





