Dövlətin müstəqilliyi yalnız onun beynəlxalq aləmdə tanınması ilə deyil, hər bir qarış torpağında öz suveren hüquqlarını, konstitusiya quruluşunu və qanunlarının aliliyini tam təmin etməsi ilə ölçülür. Azərbaycan xalqının onilliklər boyu həsrətlə gözlədiyi bu tarixi an – ölkəmizin bütün ərazisində suverenliyimizin tam bərpa olunması 2023-cü ilin 20 sentyabr tarixində gerçəkləşdi. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə bu günün "Dövlət Suverenliyi Günü" kimi təsis edilməsi müasir dövlətçilik tariximizin ən şərəfli səhifəsini əbədiləşdirdi.
2020-ci ilin payızında baş verən 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi Zəfər qazanaraq torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. Lakin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin varlığı və separatçı rejim təhlükə mənbəyi olaraq qalmaqda idi. Bu qüvvələr bölgədə sabitliyə mane olur, mina terroru törədir və müntəzəm olaraq hərbi təxribatlara əl atırdılar. 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin birəşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda xassətən yerləşdirilmiş minanın partlaması nəticəsində mülki şəxslərin və hərbi qulluqçularımızın həlak olması səbr kasasını doldurdu. Azərbaycan Ordusu Konstitusiya quruluşunun bərpa edilməsi, qanunsuz silahlı birləşmələrin tərksilah olunaraq ərazilərimizdən çıxarılması məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başladı.
Cəmi 24 saat davam edən yüksək dəqiqlikli və peşəkar antiterror tədbirləri nəticəsində düşmənin hərbi infrastrukturu darmadağın edildi, komandat-idarəetmə məntəqələri sıradan çıxarıldı. Mülki əhaliyə və infrastruktura heç bir zərər vurulmadan həyata keçirilən bu əməliyyat qarşısında aciz qalan separatçılar sentyabrın 20-də Azərbaycanın irəli sürdüyü bütün şərtləri qəbul edərək təslim olmaq məcburiyyətində qaldılar.Bu zəfərlə Qarabağda fəaliyyət göstərən qanunsuz rejim özünü buraxdı, erməni silahlı birləşmələri tərksilah edildi və Azərbaycan ərazisindən çıxarıldı. Sentyabrın 20-si Azərbaycan Respublikasının özünün bütün suveren ərazisində hüquqi hakimiyyətini tam bərpa etdiyi gün kimi tarixdə qaldı.
Dövlət suverenliyinin tam təmin olunmasının ən təsirli və tarixi vizual rəmzi oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində və Əsgəran qalasında Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması oldu. 30 ildən artıq bir müddətdə separatizmin mərkəzinə çevrilmiş Xankəndidə üçrəngli bayrağımızın dalğalanması ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi de-fakto və de-yure tam təmin olundu.
Dilbər İbayeva,
Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru