Tanınmış heykəltəraş İlqar Balayev Türkiyə Cümhuriyyətinin banisi və qurucusu Mustafa Kamal Atatürk büstünü hazırlayıb.
10 noyabr 1938-ci ildə uzun sürən xəstəlikdən sonra Türkiyə Cümhuryyətinin banisi Mustafa Kamal Atatürk İstanbulda Dolmabaxça sarayında vəfat edib. Anıtqəbir (hərfi tərcümədə "xatirə qəbir") Türkiyə Qurtuluş Savaşının öndəri, Türkiyə Respublikasının banisi və ilk Prezidenti Mustafa Kamal Atatürkün mavzoleyidir.
Ankarada yerləşən mavzoley 1941-ci ildə Türkiyə Hökumətinin keçirdiyi layihə müsabiqəsi nəticəsində 48 layihə arasından seçilmiş memarlar Emin Onat və Əhməd Orxan Ardanın birgə layihəsi əsasında tikilmişdir. "Benim naçiz vücudum elbet bir gün toprak olacaktır, ancak Türkiye Cümhuriyeti ilelebet payidar kalacaktır" - deyən cümhuriyyətin qurucusu, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün anım mərasimi hər il noyabrın 10-da Türkiyənin hər yerindən keçirilir. Ankarada böyük öndərin uyuduğu "Anıt qəbir"ə insan seli axışır, ziyarət zamanı duyğulu anlar yaşanır.
Türkiyə tarixində möhtəşəm zəfərlər qazanmış Mustafa Kamal Atatürk 1881-ci ildə Saloniki, Kocakasım məhəlləsində, İslahhane küçəsindəki üçmərtəbəli evdə anadan olmuşdur. Atası Əli Rıza Əfəndi, anası Zübeydə Xanımdır. Mustafa Kamal Atatürk ibtidai təhsilini məhəllə məktəbində və Şəmsi Əfəndi məktəbində, orta təhsilini Saloniki mülki liseyində və Saloniki hərbi liseyində, ali təhsilini isə Hərbi Akademiyada almışdır. Kamal adını ona müəllimi vermişdir. 1893-cü ildə Hərbi Liseydə oxuyarkən riyaziyyat müəllimi onun ağlına, məntiqinə heyran olduğu üçün adını Kamal qoyur. Beləliklə ona bundan sonra Mustafa Kamal deyilir. Təhsil aldığı müddətdə savadlı tələbə kimi tanınır və Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirir. Bundan sonra iş həyatına atılır. İlk təklif Dəməşqdən gəlir. Osmanlı İmperatorluğuna hakim olduğu halda, Trablus müharibəsi, Balkan müharibələri və Birinci Dünya müharibəsində iştirak etmişdir.
Birinci Dünya müharibəsində Osmanlı ordusunda xidmət edən Atatürk Çanaqqala cəbhəsində polkovnik, Suriya-Fələstin cəbhəsində isə İldırım Ordular qrupunun komandiri vəzifəsinə təyin edilir. Müharibənin sonunda Osmanlı imperiyasının məğlub olmasının ardınca İstiqlaliyyət müharibəsi - Türk Milli Hərəkatına liderlik və öndərlik edir. Türkiyə İstiqlaliyyət müharibəsi ərəfəsində Ankara Hökumətini qurur, Türkiyə Ordusunun baş komandanı olaraq Sakarya döyüşündəki qələbəsinə görə 19 sentyabr 1921-ci ildə "Qazi" ləqəbini alır və marşal rütbəsinə yüksəlir. Hərbi və siyasi fəaliyyəti ilə Antanta dövlətləri və onların dəstəkçiləri üzərində qələbə qazanır. Bu, tarixdə analoqu olmayan, görünməmiş bir istiqlal mücadiləsi idi və böyük türk xalqının bu qələbəsi bütün dünyanın güclü ölkələrini məcbur etdi ki, Türkiyəni bir dövlət kimi qəbul etsinlər. Bu qələbə türk xalqının yenilməz cəsarəti ilə böyük Atatürkün dühasının, məharətinin birliyi sayəsində mümkün oldu.
Müharibədən sonra Cümhuriyyət Xalq Partiyasını qurur və partiyanın ilk sədri olur. Onun təşəbbüsü ilə 1923-cü il oktyabrın 29-da Türkiyə respublika elan edildi və bununla da Türkiyə Cümhuriyyətinin əsası qoyuldu. Atatürk adı ona 1934-cü ildə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə verilmişdir. 1938-ci ildən ömrünün sonuna qədər dörd hakimiyyət dövründə bu vəzifədə xidmət edərək Türkiyədə ən uzun müddətdə prezident olmuş, bir sıra islahatlar apararaq ölkəni sürətli inkişafa yüksəltmişdir. Bu gün də Türkiyə dövləti onun qoyduğu qayda-qanunlara hörmətlə yanaşır və ideyalarını həyata keçirir. Bu gün türklüyümüz yaşayırsa, deməli, Atatürk də yaşayır. Bu ideya ətrafında Türk dövlətlərinin birliyi möhkəmlənir. Türkiyə-Azərbaycan qardaşlığı, sarsılmaz birliyi xüsusi məna kəsb edir. Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir" və Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" fikirləri artıq həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bugününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilir. Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan, bir-birini hər zaman ən yüksək səviyyədə dəstəkləyən ikinci ölkə yoxdur.
Qeyd edək ki, İlqar Balayev bir sıra əsərlərin müəllifidir.