Masallı Xalq teatrında Vətən müharibəsi şəhidlərinə ithaf olunan növbəti virtual tamaşa-kompozisiya səhnəyə qoyulub.
LEQAL.AZ teleqraf.com-a istinadən xəbər verir ki, ssenari müəllifi tanınmış publisist Əlihüseyn Şükürov olan "Torpağın naləsi" adlı tamaşada teatrın sənət kollektivi və Masallı Dövlət Regional Kollecinin tələbələri oynayıb.
Tamaşadan əvvəl kompozisiyanın quruluşu, mövzusu və yaradıcı heyəti barədə məlumat verilib, tamaşanın ithaf olunduğu şəhidlərdən söz açılıb.
Sonra sənət kollektivi səhnədə yerini alıb.
Tamaşanın ilk şəkillərində Azərbaycan xalqının mənəvi həyatının ayrılmaz hissəsi, mədəniyyət beşiyi Şuşa şəhərinin düşmən tərəfindən işğalı, sakinlərin işgəncələrə məruz qalması, köçkün həyatına məcbur edilməsi səhnələri canlandırılıb.
Finalda müzəffər ordumuz Şuşanı azad edir, şəhər doğma sakinlərinə qovuşur, ayrılıq sona yetir.
Kompozisiyada vətənə sədaqət, yurd həsrəti önə çəkilib, eyni zamanda işıqlı sabaha inam və nikbinlik ifadə olunub. Tamaşada vətənpərvərlik şeirlərinə də yer verilib.
Tamaşadan sonra çıxış edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov şəhidlərin xatirəsinə həsr olunan kompozisiyaların hazırlanmasını özünə mənəvi borc sayıb, bu səpkili mədəniyyət tədbirlərinin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına töhfə verəcəyini nəzərə çatdırıb.
Onlayn tədbirin sonunda mədəniyyət layihələrində fəal iştirak edən tələbələrə İdarənin "Təşəkkürnamə"si təqdim edilib.