Bakı Ağ Şəhər yol infrastruktur layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müxtəlif ölçülü 11 avtomobil yolu inşa olunub.
Agentlikdən LEQAL.AZ-a bildirilib ki, bunlar 4 hərəkət zolaqlı Qarabağ Atları Meydanı və Mərkəzi park küçələri, həmçinin 2 hərəkət zolaqlı 3,4 və 5-ci park küçələri, həmçinin qeyd olunan küçələrlə kəsişən və kəsişməyən digər küçələrdir. Yaşayış, inzibati, ticarət, ofis, məktəb binalarından və yaşıllıq ərazilərindən ibarət Mərkəzi Park kvartalında təhvil veriləcək yollar şəbəkəsinin Babək prospektinə çıxışlarını təmin etmək üçün aidiyyəti qurumlar tərəfindən burada irimiqyaslı işlər aparılıb.
Qeyd olunan küçələrdə 220 min kubmetr torpaq işi həyata keçirilib, yeni yol yatağı inşa olunub, həmçinin zəruri olan bütün yeraltı kommunikasiya xətləri çəkilib. Daha sonra qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri aparılıb. Küçələr boyu 16 min kvadratmetr sahədə 3 laydan ibarət 27 santimetr qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri aparılaraq yekunlaşdırılıb.
Layihə çərçivəsində küçələrdə 16 min kvadratmetr piyada səkisi inşa olunub, üzərlərinə 18 min kvadratmetr tamet daşları döşənib. Səki və yol ayrıcının kənarlarına ümumilikdə 7,5 min paqonmetr qranit-mərmər səki daşı düzülüb. Bundan başqa, yolların kənarlarında (səkilərdə) 350-dən çox müxtəlif növ ağaclar əkilib. Küçələrdə müasir işıqlandırma sisteminin qurulması üçün müasir üslublu 170 ədəd yol işıqlandırma dirəkləri quraşdırılıb.
Qarabağ Atları Meydanının yerləşdiyi eyniadlı mərkəzi küçə şimalda Babək prospektindən başlayaraq Fəvvarələr Meydanı və Nobel prospekti üzərindən piyada körpüsü boyunca Ağ Şəhər bulvarınadək 2 kilometrlik maneəsiz gəzinti xiyabanını təşkil edəcək. Küçənin açılması Ağ Şəhər yol infrastrukturunun Babək prospektinə daha bir rahat keçidini təmin edəcək.
Uzunluğu 480 metr, eni 37 metr olan 4 hərəkət zolaqlı küçədə sürücülərin və piyadaların mütəşəkkil hərəkəti layihələndirilib. Belə ki, Ağ Şəhər layihəsinə uyğun olaraq piyadaların maneəsiz hərəkəti üçün panduslar və yüksəldilmiş keçidlər salınıb, eni 6 metr olan səkilərdə xüsusi dizaynlı daş düzümündə küçənin adı nişanlarla qeyd edilib, yaşıllıq zolaqları salınıb, velosiped dayanacaqları, sakin və qonaqların istiqamətləndirilməsi üçün yol göstəriciləri və xəritələr, tullantı qutuları, skamyalar quraşdırılıb. Piyadalar üçün yeni yaşıllaşdırılmış ictimai ərazi və avtodayanacaq yerləri salınıb. Küçə şimalda Babək prospektinə, cənubda isə Mərkəzi Parka keçid alır. Küçənin mərkəzində yerləşən Qarabağ Atları Meydanı xüsusi zövqlə həmişəyaşıl ağaclarla bəzədilib.
Bu günə qədər Bakı Ağ Şəhər yol infrastruktur layihələri çərçivəsində ümumi uzunluğu 12,7 kilometr olan avtomobil yolu inşa edilərək təhvil verilib. Ümumilikdə isə layihələr çərçivəsində 1-ci mərhələdə Ağ Şəhərdə ümumi uzunluğu 22,4 kilometr, eni isə 16 metrdən 47 metrə kimi dəyişən 63 çoxsaylı kəsişən yollar inşa edilməlidir. Yollar hər birinin eni 3,5 metr olmaqla 2,4 və 6 hərəkət zolağından ibarətdir, piyada səkilərinin eni isə 3, 6, 10 metr olmaqla müxtəlif ölçüdədir.