Məhşur Məmmədov: İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir

Məhşur Məmmədov: İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
  • İqtisadiyyat


  • 30 ilə yaxın bir müddətdə işğalçı Ermənistan nəinki əhalini doğma yurd-yuvasından didərgin salıb, yerüstü maddi-mənəvi sərvətlərimizə yiyələnib, yerinin üstü kimi altı da başdan-başa sərvət olan mədənlərimizə də öz çirkin əllərini uzadaraq əlvan metallarla zəngin olan yataqlarımızı istismar ediblər. Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı rəsmi məlumatdan məlum oldu ki, Azərbaycan Respublikasının işğal olunmuş Laçın, Kəlbəcər və digər işğal altında olan rayonların ərazilərində erməni əsilli xarici dövlətlərin vətəndaşları olan şəxslər ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq ölkə iqtisadiyyatına külli-miqdarda zərər vurublar.

    LEQAL.AZ azmedia.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov söyləyib.

    Onların Azərbaycan dövlətinə vurduğu külli miqdarda ziyanlardan biri – işğal olunmuş, lakin Milli Ordumuzun uğurlu əməliyyatları nəticəsində son günlərdə işğaldan azad olunmuş Zəngilan rayonunun Vejnəli kəndi ilə bağlı olmuşdur.
    Vejnəli kəndində əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edən İsveçrə Konfederasiyasında rəsmi qeydiyyatdan keçmiş “Vallex Group” şirkətlər qrupunun filialı olan «Base Metals» Qapalı Səhmdar Cəmiyyəti 2009-2017-ci illər ərzində nə az, nə çox, 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə etmişdir.
    Virusun dünya iqtisadiyyatına vurduğu zərbələr və Vətən müharibəsi aparan ölkə üçün bu, az məbləğ deyil. Sevindirici haldır ki, ölkəmizin sərvətini talayanlar istintaq orqanı tərəfindən beynəlxalq axtarışa verilib, İsveçrə Konfederasiyasının səlahiyyətli dövlət orqanlarına beynəlxalq hüquqi yardımın göstərilməsi haqqında vəsatətlə müraciət olunmuşdur.
    İnanırıq ki, beynəlxalq hüquq müstəvisində problem öz həllini tapacaq, ölkəmizin sərvətini talayanlar mənimsədikləri əmlakı son qəpiyinə qədər dövlət büdcəsinə təhvil verəcəklər. Son dövrlər dünyanın güc dövlətlərinin bizimlə hesablaşmaları, cənab Prezidentin xarici diplomatiyada son vaxtlar əldə etdiyi uğurlar bunu söyləməyə əsas verir.
    Əminəm ki, Vətən müharibəsi bitəndən sonra, tez bir zamanda ölkəmiz öz resursları hesabına dünyanın iqtisadi cəhətdən inkişaf etmiş qüdrətli bir ölkəsinə çevriləcək. Çünki iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.


    PAYLAŞ:

    Oxşar xəbərlər