Şəhid Ülvi Məmmədovun ailəsi ziyarət olunub - FOTO

Şəhid Ülvi Məmmədovun ailəsi ziyarət olunub - FOTO
  • İdman

  • Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) İdarə Heyətinin üzvləri Qubanın Alekseyevka kəndində şəhid Ülvi Məmmədovun atası, idman jurnalisti Vüqar Məmmədovla görüşüblər.

    AİJF-dən LEQAL.AZ-a verilən məlumata görə, görüşə şəhidin qardaşı Fərid Məmmədov, babası Ağamirzə Məmmədov və digər şəxslər qatılıb.

    Əvvəlcə AİJF prezidenti Qabil Mehdiyev, vitse-prezident Mahir Rüstəmli, üzvlər Sənan Şəfizadə və Elşən Məmmədov, Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev, kənd ağsaqqalları, ziyalılar və jurnalistlər kənd qəbiristanlığında Ü.Məmmədovun məzarını ziyarət ediblər. Şəhidin məzarı önünə federasiya adından əklil qoyulub, ruhuna dualar oxunub.

    Sonra tədbir iştirakçıları kənd mərkəzində şəhidin plakatı qarşısında salınan bulaq-barelyeflə tanış olublar. Məlumat verilib ki, Alekseyevka kənd sakini olan Ülvi Məmmədov hələ Vətən müharibəsi başlamamışdan bir həftə öncə - 2020-ci il sentyabrın 21-dən təlimlərə qatılıb, daha sonra Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 15 dekabr 2020-ci il tarixində “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixində isə “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

    Kənd ağsaqqalları və ziyalılar sakinlərin imza toplayaraq, Alekseyevka kəndinin adının dəyişdirilməsi və Ülvinin adına verilməsi xahişi ilə müvafiq qurumlara müraciət etdiklərini bildiriblər.

    Daha sonra şəhidin ailə üzvləri qonaqları evinə dəvət edərək, Ü.Məmmədovla bağlı xatirələrini bölüşüblər. Şəhidin əmisi, AİJF İdarə Heyətinin üzvü Elşən Məmmədov qardaşı Vüqar Məmmədovun "Futbol+" qəzeti, Sportnet.az və Komanda.az saytları ilə əməkdaşlıq etdiyini xatırladıb. O, eyni zamanda V.Məmmədovun bir müddət müxtəlif futbol liqalarında hakimlik etdiyini, AFFA-nın C kateqoriyalı məşqçi lisenziyasının sahibi kimi uşaq və qızlar komandalarını çalışdırdığını diqqətə çatdırıb.

    Şəhidin ailəsinə başsağlığı verən AİJF prezidenti Qabil Mehdiyev Ü.Məmmədovun xatirəsinə müxtəlif yarışlar keçirmək niyyətində olduqlarını bildirib. O, ilk belə tədbir kimi Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, həmçinin Quba rayon Gənclər və İdman İdarəsi ilə birgə fevralın 12-də məktəblilər arasında onlayn şahmat turniri təşkil edəcəklərini açıqlayıb.

    Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev rayon rəhbərliyinin şəhid ailələrinə xüsusi diqqətlə yanaşdığını, rəhbərlik etdiyi qurumun da bu yöndə müxtəlif tədbirlərə start verdiyini söyləyib. O, Ülvi Məmmədov və digər şəhidlərin xatirəsinə müxtəlif turnirlər keçirməyi planlaşdırdıqlarını bildirib.

    Göstərilən diqqətə görə təşəkkürünü bildirən şəhid Ülvi Məmmədovun ailə üzvləri AİJF-yə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

    PAYLAŞ:

    Oxşar xəbərlər