Norveçin paytaxtı Osloda keçirilmiş dünya çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında 3-cü yeri tutan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb.
Leqal.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında yığmanın qarşılanma mərasimi keçirilib. Mərasimdə Gənclər və idman naziri Fərid Qayıbov, azarkeşlər, güləşçilərin yaxınları, media mənsubları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında yığma 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb. Rusiya 152 xalla birinci, İran 146 xalla ikinci pillədə qərarlaşıb. Bununla da Azərbaycan komandası 6 illik fasilədən sonra dünya çempionatında ilk "3-lük"də qərarlaşıb. Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə mundialda 4 medal qazanıb ki, bu da rekord nəticədir.
Xatırladaq ki, Osloda Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) bürünc medal qazanıb.