Qiymətli çəhrayı yaqut daşını soyğunçuluq yolu ilə ələ keçirən şəxslər saxlanılıblar VİDEO

Qiymətli çəhrayı yaqut daşını soyğunçuluq yolu ilə ələ keçirən şəxslər saxlanılıblar VİDEO
  • Hadisə

  • Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində zərərçəkən şəxsə külli miqdarda ziyan vurmaqla törədilən soyğunçuluq hadisəsinin üstü açılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, Cəlilabad rayon sakini olan bir nəfər Xətai Rayon Polis İdarəsinə müraciət edərək bir müddət əvvəl ona məxsus 14,88 qram qiymətli, nadir tapılan çəhrayı yaqut daşını satmaq istədiyini ifadə edib. Daha sonra özünü Türkiyə Respublikasının vətəndaşı Çağdaş kimi təqdim edərək onunla əlaqə saxlayan bir nəfər həmin daşı almaq üçün onunla görüşmək istədiyini bildirib. Zərərçəkənlə Xətai rayonu ərazisində görüşən həmin şəxs daşın keyfiyyətini və saflığını yoxlamaq məqsədilə çəhrayı yaqutu ondan alıb, daha sonra qaçaraq hadisə yerindən uzaqlaşıb.

    Xətai Rayon Polis İdarəsi əməkdaşlarının zərərçəkənin şikayəti əsasında “isti izlər”lə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qısa zamanda müəyyən edilib ki, həmin hadisə əvvəllər məhkum olunmuş paytaxt sakinləri Röyal İmamverdiyev və Ruslan Orucov tərəfindən törədilib. Həmin şəxslərin yaşadıqları mənzilə baxış zamanı zərərçəkənə məxsus yaqut daş, həmçinin Ruslan Orucovun evindən 4 kiloqram 735 qram marixuana aşkarlanaraq götürülüb.

    Araşdırma zamanı müəyyən edilib ki, Röyal İmamverdiyev və Ruslan Orucov cinayət yolu ilə əldə etdikləri yaqut daşı bir müddətdən sonra Türkiyə və ya Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə apararaq satmağı planlaşdırıblar.

    Faktla bağlı Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 180.4-cü (Soyğunçuluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satma) maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. Röyal İmamverdiyev və Ruslan Orucovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə ərazi üzrə polis orqanlarına, habelə, Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

    PAYLAŞ:

    Oxşar xəbərlər