Gəncədə qadınlara qarşı cibgirlik edən şəxs tutularaq cinayət məsuliyyətinə cəlb olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan LEQAL.AZ-a bildiriblər ki, sərnişinlərin sıx olduğu vaxtlarda şəhərdaxili avtobuslarda cibgirlik edən, əvvəllər dəfələrlə məhkum olunmuş, şəhər sakini Rövşən İsmayılov Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Araşdırma zamanı həmin şəxsin martın 10-da avtobuslarda iki vətəndaşın çantasından mobil telefon oğurladığı müəyyən edilib. İlkin dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək oğurladığı mobil telefonları satdığını bildirib.
Faktlarla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. R.İsmayılovun digər şəhər və rayonların ərazisində də analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in 102 - Zəng Mərkəzinə məlumat verə bilərlər.