Bakıda yeniyetmənin qətli ilə bağlı bəzi detallar məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, oktyabrın 2-də saat 15:30 radələrində qətlə yetirilən şəxs Sabunçu rayonu 71 nömrəli məktəbin XI sinif şagirdidir. O, dərsdən kənar vaxtda qətlə yetirilib.
Hadisəni törədən şəxs isə məktəbli deyil, ötən il lX sinifdən sonra təhsilini davam etdirməyib.
***
10.16
Yetkinlik yaşına çatmayan şəxsin ölməsi faktı üzrə cinayət işi başlanıb.
Sabunçu rayon prokurorluğundan APA-ya verilən məlumata görə, oktyabrın 2-si Sabunçu rayonu ərazisində yetkinlik yaşına çatmayan R.B-nin (şərti) almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla yetkinlik yaşına çatmayan K.N-nin (şərti) rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla bud nahiyəsinə xəsarət yetirməsi nəticəsində R.B-nin (şərti) müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, K.N (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
***
2 oktyabr, 16.19
Oktyabrın 2-də saat 14 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 2008-ci il təvəllüdlü H.Quliyevin kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən həmyaşıdı Y.Mirzəyev saxlanılıb.
Araşdırma aparılır.