Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Fevralın 9-da Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan iclasda şahid qismində Vüsal Məmmədli ifadə verib.
O bildirib ki, üç hərbi hissədə maliyyə xidmətinin rəisi olub:
"İlk hərbi hissədə ümumilikdə 657 min manat mənimsəmə faktına yol verilib. Hərbi hissədə yoxlamalar aparılıb. Aparılan yoxlamalar zamanı aşkar olunan əlavə vəsaitlərin 30 faizini təftiş üçün gələnlərə, 20 faizini isə maliyyəşmə üçün gələn işçilərə vermişəm. Yerdə qalan 50 faiz vəsait isə mənə çatıb”.
Vüsal Məmmədlinin sözlərinə görə, işlədiyi ikinci hərbi hissədə isə 214 min manat dəyərində vəsaitin mənimsənilməsi aşkar edilib. O deyib ki, işlədiyi üçüncü hərbi hissədə isə 500 min manat ziyan vurulub. Şahid deyib ki, ümumilikdə üç hərbi hissədə ümumlikdə 1 milyon 500 min manata yaxın ziyan üzə çıxıb. O bildirib ki, bu məbləğin 600 min manatı onun tərəfindən mənimsənilib: “Bu ziyanla bağlı 150 min manat istintaq dövründə dövlət büdcəsinə ödəniş etmişəm. Sonrakı dövrlərdə də ödəniş etməklə ümumilikdə 220 min manat ziyanın ödənilməsi mənim tərəfimdən təmin edilib”.
Vüsal Məmmədli qeyd edib ki, hərbi hissələrə təftişə gələnlərə Maliyə və Büdcə idarəsinin təftiş şöbəsinin rəisi Rafael Xələfov rəhbərlik edib. O deyib ki, pulları təftişə gələn Nizami Süleymanova verib.
Daha sonra şahid qismində ifadə verən Mirseyid Eyvazov bildirib ki, əvvəlcə idarədə təftiş olub. Onun sözlərinə görə, Rafael Xələfovla birlikdə hərbi hissələrə təftişə gediblər: “Misal üçün alınan pulların 20 min manatı Rafael Xələfova, 10 min manatı isə mənə çatıb. Mən Həsən Paşayevlə də birlikdə təftişdə olmuşam”.
Mirseyid Eyvazov bildirib ki, daha sonra hərbi polisdə maliyyə xidmətinin rəisi olub. Onun sözlərinə görə, 2020-ci ilin mayından 2022-ci ilin fevral ayına kimi olan müddətdə aparılan maliyyə təftişləri zamanı 1 milyon 300 min manat əlavə vəsait üzə çıxıb: “Biz maliyyə hesabı açırdıq. Həmin hesaba pullar köçürülürdü. Həmin vəsaitlərlə bağlı əlavə hesablarda yaradırdıq. Bu pullar bizə qalırdı. Yoxlamaya gələnlərə həmin vəsaitdən 30 faiz verirdik. İlk əvvəl yoxlamaya Süleyman Abbasov gəlib. Mən də pulu ona vermişəm. Daha sonra isə Sadiq Sadıqov yoxlamaya gəlib. Ona da eyni vəsait vermişik”.
Mirseyid Eyvazov deyib ki, Maliyyə Nazirliyinin apardığı yoxlamaların nəticələrindən razı qalıb. Onun sözlərinə görə, 700 min manat ziyan vurulub, həmin vəsaitin onun tərəfindən mənimsənilməsindən razı qalıb. Deyib ki, Maliyyə Nazirliyinin apardığı yoxlamalarda özü də iştirak edib.
Digər şahid Səbuhi Məmmədov qeyd edib ki, hazırda Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində müəllim işləyir. Onun sözlərinə görə, Cəmşid Naxçıvanski adına hərbi liseydə maliyyə xidmətinin rəisi işləyib. O bildirib ki, 2015-2020-ci illər ərzində hərbi liseydə aparılan yoxlamalar zamanı 3 milyon 450 min manat əlavə vəsait üzə çıxıb.
Səbuhi Məmmədov deyib ki, hərbi liseydə 57 nəfər müəmmalı şəxsin adına kartlar açıblar, bundan sonra pullar həmin kartlara köçürülüb. O, olmayan şəxslərin adına kartlar almalarını belə izah edib: “Biz özümüzdən 8 rəqəm yazırdıq. Həmin 8 rəqəmli kodu banka təqdim etməklə kart alırdıq. Kart sahibləri naməlum şəxslər olub, adlar bizim tərəfimizdən uydurulmuş adlar olub”.
Səbuhi Məmmədovun sözlərinə görə, daha sonra iki hərbi hissədə maliyyə xidmətinin rəisi olub. O qeyd edib ki, yoxlamalar zamanı hərbi hissələrdən birində 120 min, digər hərbi hissədə isə 20 min manatın mənimsənilməsi müəyyən edilib.
Şahid qeyd edib ki, onun işlədiyi dövrdə Rafael Xələfovun ondan 10 min manat əlavə pul istəyib və həmin vəsaiti alıb: “Təftişə Rövşən Əliyev gəlmişdi. Ona 690 min manat verdim. Sonra Rafael müəllim məndən 10 min manat istədi. Bunun da səbəbi 700 min manat verməli olmağım ilə bağlı olduğunu izah etdi. Mən də ona əlavə olaraq 10 min manat verdim”.
Şahid daha sonra qeyd edib ki, yoxlamaya gələn Sadiq Sadıqova 600 min manat verib: “Həmin pulu idarəyə çatdırmalı idi. Amma həmin pulu idarəyə vermədiyi sonradan mənə məlum oldu. Bunu da Rövşən Əliyev yoxlamaya gələndə bildik. Məni idarəyə çağırdılar. Bu barədə məndən soruşdular. Mən də dedim ki, Sadıq Sadıqova vermişəm”.
Səbuhi Məmmədov bildirib ki, Nizami Məmmədovun bu işlərlə bağlı ona heç bir göstərişi olmayıb. daha sonra deyib ki, Nərman Cabbarov da onun işlədiyi hərbi hissələrdə yoxlama aparsa da, ona heç vaxt pul verməyib.
Səbuhi Məmmədovun sözlərinə görə, aşkar olunan əlavə pulun 90 faizini yoxlama və təftişə gələnlərə verib, 10 faizi isə onun özünə çatıb. Şahid deyib ki, onun fəaliyyəti Maliyyə Nazirliyi tərəfindən yoxlanılıb: “Bu yoxlama zamanı 399 min manat tərəfimdən dövlətə ziyan vurduğum üzə çıxıb. Bu ziyanın da 20 min manatını ödəmişəm”.
Növbəti proses fevralın 16-da davam edəcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Müəllif: Hacı Zeynalov