Baş Prokurorluqdan Xoşqədəmin verilişində səslənən qətllə bağlı – Açıqlama

Baş Prokurorluqdan Xoşqədəmin verilişində səslənən qətllə bağlı – Açıqlama
  • Hadisə

  • Baş prokuror Ağcabədidə gəlinin qayınanasını öldürməsi iddiasını xüsusi nəzarətə götürüb.

    Bu barədə teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

    Ağcabədi şəhər sakini Əfsanə Cəfərovanın 1 fevral 2022-ci il tarixdə “ARB” televiziya kanalının “Səni axtarıram” adlı verilişində qaynanası Faxrəndə İbrahimovanı itələməklə ölümünə səbəb olması barədə məlumat verməsi ilə əlaqədar bildiririk ki, 1962-ci il təvəllüdlü Faxrəndə Həsən qızı İbrahimovanın 2020-ci ilin fevral ayının 23-də Ağcabədi şəhərində yerləşən evinin həyətində ölmüş vəziyyətdə aşkar olunması faktı üzrə rayon prokurorluğunda araşdırma aparılmaqla onun ölümündə kənar şəxslərin iştirakı, hadisənin baş vermə faktı və digər sübut edilməli olan halların müəyyənləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətlər icra edilib.

    Araşdırma zamanı Faxrəndə İbrahimovanın ailə üzvləri ilə, o cümlədən gəlini Əfsanə Cəfərova ilə münasibətləri, aralarında ədavət və ya münaqişələrin olub-olmaması da yoxlanılmaqla, onların hər birinin hadisə gününə aid alibiləri, istifadələrində olan mobil telefonlar üzrə qeydə alınan zənglər, antena göstəriciləri, SMS məlumatları təhlil olunub.

    İlkin araşdırma zamanı Əfsanə Cəfərova prokurorluqda verdiyi çoxsaylı izahatlarında baş verən hadisəyə hər hansı formada aidiyyətinin olmadığını, Faxrəndə İbrahimovanın ölümünün təbii səbəblərdən baş verdiyini göstərmiş, eləcə də kənar şəxslər tərəfindən cinayətin törədilməsinə əsas verən hər hansı dəlillər əldə olunmadığından 3 mart 2020-ci il tarixdə toplanan material üzrə cinayət işinin başlanması rədd edilib.

    Faxrəndə İbrahimovanın oğlu Elşad Cəfərovun 18 noyabr 2021-ci il tarixli ərizəsində qeyd olunan xüsusatlarla əlaqədar cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar 22 noyabr 2021-ci il tarixdə ləğv edilməklə Əfsanə Cəfərova və onunla yaxın münasibətlərdə olan digərlərinin hadisədə mümkün iştiraklarının yoxlanılması məqsədilə zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsi planlaşdırılıb.

    Əfsanə Cəfərovanın televiziya verilişində səsləndirdiyi məlumatlarla bağlı 2 fevral 2022-ci il tarixdə Faxrəndə İbrahimovanın ölüm faktı üzrə başlanan cinayət işinin istintaqı Azərbaycanın Baş prokuroru tərəfindən xüsusi nəzarətə götürülməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

    Bununla belə Cinayət Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.

    Odur ki, hazırda Əfsanə Cəfərovanın cinayət hadisəsi ilə əlaqədar ziddiyyətli ifadələr verməsi nəzərə alınaraq iş üzrə bütün halların tam, hərtərəfli araşdırılması məqsədilə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumatların verilməsi təmin olunacaqdır.

    LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər