Şəkidə fərdi yaşayış evindən oğurluq edən şəxs polis şöbəsinin cinayət-axtarış bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Leqal"a verilən məlumata görə, polisə müraciət edən zərərçəkmiş qadın ona məxsus mənzildən 5 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsin şəhər sakini Ramiz Cabbarov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və əməlini etiraf edib. Araşdırma zamanı R.Cabbarovun qızıl-zinət əşyalarını oğurladıqdan sonra Bakı şəhərinə apararaq orada satdığı, əldə etdiyi pulu isə əyləncə mərkəzlərində xərclədiyi məlum olub.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.