Bakıda uzun illər Azərbaycanın baş infeksionisti olmuş, pandemiya dövründə vəzifəsindən azad edilən Cəlal İsayevin və digər imkanlı şəxslərin evlərindən oğurluq edən alpinist-oğru Cavid Süleymanovun yeni məcaraları üzə çıxıb. Məhkəmədə məlum olub ki, hədəf seçdiyi mənzillərə adi oğrular kimi qapıdan deyil, alpinist avadanlıqları ilə damdan düşüb eyvandan girən bu qeyri-adi oğru növbəti əməliyyatlardan birində kirayə mənzildə içib yatmış dörd ərəblə qarşılaşıb.
Xatırladaq ki, Cavid Süleymanovun və onunla əlbir olan Əhməd Əhmədovun (bu adam taksi sürücüsü kimi alpinist-oğrunu “işə” aparıb gətirmək şərti ilə onunla əlbir olub) işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu cinayət işində səkkiz nəfər zərərçəkmiş var, onların evindən 1 milyon manatdan artıq pul və qızıl-zinət əşyalarının oğurlandığı iddia olunur.
Dekabrın 7-də keçmiş baş infeksionist Cəlal Əliyev zərərçəkmiş qismində məhkəmədə dindirilib. O, evindən alpinizm üsuluyla edilən oğurluq haqda danışıb. C.İsayev deyir ki, hadisə günü evdə olmayıblar, həyat yoldaşı ilə rayona gediblər: "Gələndə yoldaşım evə qalxdı, mən qonşu ilə söhbət edirdim. Birdən yoldaşımın səsi gəldi. Məlum oldu ki, evimizdən pul və qızılları oğurlayıblar".
Şikayətçi olduğunu və zərərin qaytarılmasını tələb edən sabiq baş infeksionistin sözlərinə görə, oğurluq nəticəsində təxminən 120 min manat ziyana düşüb.
Uzun illər daxili işlər orqanlarında işləmiş, xeyli vaxtdır zərgərliklə məşğul olan zərərçəkmiş Vasif Əliyevin mənzilindən oğurluq isə başqa bir qəribə olaya gətirib çıxarıb. 16-mərtəbəli binanın 10-cu mərtəbəsində yaşadığını deyən V.Əliyevin sözlərinə görə, təqsirləndirilən şəxslər onun mənzilinə alpinizm üsuluyla daxil olublar. Onlar binanın damından iplə mənzilin eyvanına düşüblər.
Süleymanov və Əhmədov
"Qapımızda "ingilis qıfılı" var deyə, oğurluqdan sonra qapıdan çıxa bilməyiblər. Eyvana çıxıblar, iplə yuxarı da qalxa bilməyəndə bir mərtəbə aşağıdakı qonşunun eyvanına düşüblər. Ora keçmiş "poqon"un evidir, ərəblərə kirayə verib. Onlar da orada hər cür oyundan çıxırlar. Həmin gün də dörd ərəb içib ortalıqda yatıb qalıblar. Bu da eyvandan mənzilə daxil olub, bu zaman ərəblərdən biri oyanıb. Onu təpikləyib, başının üstündən tullanıb qaçaraq qapıdan çıxıb. Çıxanda da qapının açarını götürüb, arxadan bağlayıb, ərəblər içəridə qalıb...", - zərərçəkmiş məhkəmədə deyib.
V.Əliyevin sözlərinə görə, onun mənzilindən xeyli qızıl-zinət əşyaları, o cümlədən doqquz brend qol saatı, 10 uşaq dünyaya gətirdiyi üçün anasına verilmiş "Qəhrəman ana" medalı və s. oğurlanıb. Ona ümumilikdə 300 min manata yaxın ziyan dəydiyini deyir. Cinayət işinin materiallarında isə ona dəymiş ziyanın məbləği 196 min manat göstərilib.
Həm Polis Akademiyası, həm də Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil aldığını, keçmiş əməliyyatçı olduğunu deyən zərərçəkmiş V.Əliyev evindən oğurlanan saatlardan birini şəxsi araşdırmaları nəticəsində taparaq geri qaytarıb. Məlum olub ki, saat Mərkəzi Univermaqda qızıl-zinət əşyalarının satışıyla məşğul olan Mirsaleh Muradova satılıb: "Mən evimdən oğurlanan əşyaların hamısının qaytarılmasını tələb edirəm. O deyir ki, guya zərgərlik bacarığı olduğuna görə mənzillərdən apardığı əşyaları əridib, yenilərini düzəldib satıb. Mən buna inanmıram. Mənim evimdən oğurlanan, üstündə 7-8 karat brilyant qaşlar olan brend saatlar konkret adamlara satılıb. Onları desin. Mən dövlətin malını yeyib qarnımı şişirdənlərdən olmamışam, uşaqlıqdan butulka satmaqla pul qazanıb onları yığmışam".
Həmin Mirsaleh Muradov da məhkəmədə dindirilib. Bildirib ki, saatı satan şəxs onun hədiyyə verildiyini deyib: "Dedi ki, şəhid oğluyam, özüm də müharibədə yaralanmışam, ayağımda qəlpə var. Müalicəm üçün pul lazımdır, ona görə satıram. Saatın mənbəyinə gəlincə, bildirdi ki, az qala, kimisə avtomobil vuracaqmış, o adamın həyatını xilas edib. O da minnətdarlıq olaraq qolundan açıb ona hədiyyə verib...".
Zərgərlik bacarığı olan, xaricdə alpinizm kurslarına gedərək mənzillərin eyvanlarına kəndirlə düşməklə, qapıları xüsusi vasitələrlə açmaqla külli miqdarda oğurluqda suçlanan Cavid Süleymanov məhkəmədə bu barədə danışmaq istəməyib. O, yıxılaraq başından xəsarət aldığı üçün hadisələri xatırlamadığını bildirib. Digər təqsirləndirilən Əhməd Əhmədov isə bu hadisələrdə, sadəcə, taksi sürücüsü kimi iştirak etdiyini deyir.
Zərərçəkənlər arasında futbol üzrə Azərbaycan millisinin keçmiş futbolçusu Ceyhun Sultanov, uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor, hazırda isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müşaviri Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var. Cinayət işinin materiallarından məlum olur ki, alpinizm texnikasıyla mənzil oğurluqlarının üstü general oğlunun evində baş verənlərdən sonra açılıb. İttihama əsasən, Mirzəyevə 167 min manat ziyan vurulub.
Süleymanov və Əhmədov CM-in 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. ("Azadlıq" radiosunun materialı əsasında)/virtual.org
LEQAL.AZ