Keçmiş MTN işçisi tapança götürüb “Lexus”la qaynatasının evinə getdi, ağır söyüşlər söydü və öldürüldü...

Keçmiş MTN işçisi tapança götürüb “Lexus”la qaynatasının evinə getdi, ağır söyüşlər söydü və öldürüldü...
  • Hadisə

  • Kürəkənini odlu silahla qətlə yetirməkdə ittiham olunan Həmkarlar İttifaqları Konfederasiyasının Xəzər rayon şöbəsinin əməkdaşı, 59 yaşlı Azər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi dekabrın sonlarında  yekunlaşıb.

    virtualaz.org-un xəbərinə görə, qətl hadisəsi ötən il dekabrın 13-də Mərdəkan qəsəbəsində baş verib. 35 yaşlı Rəşad Məmmədov odlu silahdan açılan atəşlə öldürülüb. İstintaqla müəyyən edilib ki, A.Cəfərov qətli öncədən planlaşdırmayıb. Hadisə kürəkəninin ona məxsus bağ evinə gələrək dava-dalaş salması səbəbindən baş verib. Bundan əvvəl də R.Məmmədov bir neçə dəfə qayınatasına məxsus bağ evində mübahisə yaradıb, həyətin qarşısında tapança ilə havaya atəş açıb.


    2000-ci illərin ortalarında Milli Təhlükəsizlik Nazirliyində əməliyyat müvəkkili işləyən Rəşad Məmmədov sonradan xəstəliyi ilə əlaqədar olaraq işdən çıxıb, atasına məxsus zavodda direktor müavini işləyib. Son vaxtlar ailəsində ciddi problemlər yarandığından həyat yoldaşı iki uşağı ilə birgə atası evinə gedib. R.Məmmədov özünün “Lexus” markalı avtomobillə arvadının və uşaqlarının arxasınca qayınatasının bağ evinə gəlib. Qayınata-kürəkən arasında yaranan mübahisə qətllə nəticələnib.

    Hadisədən sonra Rəşada məxsus “Lexus” markalı avtomobildən tapança və dəyənək aşkarlanaraq götürülüb.

    Təqsirləndirilən Azər Cəfərov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində qızı Nigarın 12 il əvvəl Rəşadla ailə həyatı qurduğunu, birgə nikahdan iki övladları dünyaya gəldiyini deyib. Toydan bir müddət keçdikdən sonra Rəşadın narkotik qəbul etməsi, içki aludəçisi olması, həyat yoldaşına qarşı kobud davranması məlum olub. 2010-cu ildə qızı boşanmaq üçün məhkəməyə müraciət etsə də, ağsaqqalların tövsiyəsi ilə yenidən Rəşadla barışıb, birgə yaşayıblar. Rəşadın valideynləri ilə məsləhətləşib onu müalicə etdirmək qərarına gəliblər. Lakin Rəşad müalicəsini yarımçıq qoyub. Bu səbəbdən də müalicənin xeyri olmayıb.

    A.Cəfərovun ifadəsinə görə, ötən ilin oktyabr-noyabr aylarında qızının ailəsindəki vəziyyət kritik həddə çatıb. Artıq həyat yoldaşının hərəkətlərinə dözə bilməyən Nigar boşanmaq üçün yenidən məhkəməyə müraciət edib: ”Nigar uşaqlarını da götürüb şəhərdəki mənzilimizə köçüb orada yaşayırdı. Həftədə iki-üç dəfə uşaqları görməsi üçün Rəşada şərait yaradılırdı. Nə mən, nə qızım, nə də arvadım Rəşadın öz uşaqlarını görməsinə problem yaratmamışıq”.

    Hadisə baş verən gün Rəşad qayınatasına zəng vurub ondan harada olduğunu soruşub. O, da cavabında Mərdəkanda bağ evində olduğunu deyib: “Zəng vuranda aqressiv danışdı. Bağa çatanda dedi ki, darvazanın yanındayam. Evdən həyət qapısının düyməsini basdım, Rəşad həyətə girdi. Onu sakitləşdirmək istədim, həyətdə söyüş söyməsin deyə evə dəvət etdim. Oturub söhbət elədik, uşaqlarını görmək üçün heç kimin maneçilik yaratmadığını başa salmağa çalışdım. Dedim ki, vaxt keçər, yenə barışarlar. Fikirləşdim ki, sakitləşib çıxıb gedər”.

    Rəşad qayınatasının dediklərinə əhəmiyyət verməyib, əksinə daha da aqressivləşib və qayınatasının ünvanına təhqiramiz ifadələr işlədib.


    Mərhumun yaxınları isə hadisənin baş verməsinə son vaxtlar Rəşada övladlarını görməyə əngəl yaradılması səbəb olduğunu deyiblər.

    Zərərçəkmişin hüquqi varisi Vüqar Məmmədovun ifadəsinə görə, cüzi söz-söhbətlər olsa da, Rəşad öz ailəsinə yaxşı baxıb.

    “Rəşadla Nigar çox mehriban idilər. Qardaşım onu dünyanın bir çox ölkələrini gəzdirmişdi. Qızlarını da çox sevirdi. Ailədə söz-söhbət olanda mərhum atamla Rəşadın qayınatası birgə yoluna qoyardılar. Azəri yaxşı bir insan kimi tanımışam. Heç vaxt qardaşımın ailə işlərinə qarışmadığını bilirdim. Lakin arvadı daim qardaşımın ailə işlərinə qarışır, şəhərin mərkəzindən yeni ev almağı tələb edirdi. Əks halda qızını boşatdıracağını deyirdi. Hər dəfə Nigar evdən küsüb getdikdən sonra barışanda qardaşım ona bahalı qızıl-zinət əşyaları alıb verirdi. Axırıncı dəfə küsüb valideynlərinin evinə gedəndə Nigarın anası Rəşadın uşaqları görməsinə əngəl yaradırdı. Ona görə də hadisə baş verən gün Rəşad öz bağından 150 metr aralıda olan qayınatasının bağına getmişdi ki, uşaqları ilə görüşməsinə olan maneəni aradan qaldırsın. Ola bilsin əsəbi olub, söyüş söyüb. Azər də tüfənglə ona üç dəfə atəş açıb. Adam da heç söyüşə görə nəvələrinin atasını öldürərmi?” , - o deyib.

    Mərhumun digər yaxınları da analoji ifadələr veriblər.

    Məhkəmənin hökmü ilə Azər Cəfərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    LEQAL.AZ


    PAYLAŞ:

    Oxşar xəbərlər