Vəzifə cinayətlərinə görə həbs olunan, Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan sabiq başçısı Mahir Quliyevin vəziyyəti ağırdır.
LEQAL.AZ xəbər verir ki, bu barədə M.Quliyevin vəkili məlumat verib.
Onun sözlərinə görə, M.Quliyevin səhhəti stabil ağır olaraq qalır:
“Həkimlərin ciddi nəzarəti altındadır. Təəssüf ki, vəziyyəti ağırdır. Yanına heç kim buraxılmır. Ailəsinə də bildiriblər ki, vəziyyəti ağır olaraq qalır”.
Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.
Ötən il aprelin 30-da isə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib./oxu.az