İyunun 15-də Ağsu rayonunda döyülən və 5 gün sonra xəstəxanada vəfat edən 14 yaşlı Nihad Məmişovla bağlı məhkəmə tibb-ekspertizası rəy verib.
LEQAL.AZ xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Nihadın babası Atamoğlan Məmişov məlumat verib. Onun sözlərinə görə, iyulun 28-də açıqlanan rəydə qeyd olunur ki, Nihatın ürəyi, ağciyəri və bel nahiyəsi, həmçinin başının ənsə payına küt alətlə vurulan zərbələr nəticəsində beyninə çoxlu qansızmalar olub: "Rəydən də görünür ki, onu bir nəfər öldürməyib, 6 nəfər döyərək öldürüb. Amma hələ ki, ancaq bir nəfər tutulub, digər şəxslərin isə tutulması haqqında kifayət qədər dəlil-sübutun olmadığı bildirilir. Əslində isə həmin şəxslərin telefonları ekspertizadadır, şahidlər var”.
A. Məmişov bir aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də nəticə əldə olunmadığını, istintaqın işi obyektiv aparmadığını iddia edir:
“Nəvəmin ölümündən 1,5 ay keçib, sanki onun ölümü ilə alver edirlər. Ağsu Prokuroluğu istintaq işini birtərəfli və qərəzli, yalnız bir nəfərin tutulması istiqamətində aparır. Halbuki nəvəmi bir deyil, bir neçə nəfər qəbiristanlıqda amansızlıqla döyərək öldürüb. Onların içərisində uşağı çağırıb həmin yerə aparan C. Müseyibov öyrədilmiş şəkildə cinayəti öz üzərinə götürüb və saxlanılıb. Əslində uşağı vuran 5 nəfər isə azadlıqda gəzirlər. Bununla bağlı hər gün Prokurorluğa gedib-gəlirəm, deyirdilər, narahat olma, hər şey yaxşı olacaq, həmin şəxslərin hamısı həbs olunacaq. Ancaq gördüm ki, bunlar boş-boş söhbətlərdir".
A.Məmişovun sözlərinə görə, hazırda saxlanılan C. Müseyibovun anası onlara bildirib ki, oğlu Nihadı çağırdığını, lakin onu vuranların digər şəxslər olduğunu deyib: “Ona deyiblər ki, sən boynuna çək, biz səni qurtararıq. Biz həmin səs yazısını da istintaqa təqdim etmişik. Lakin baxırıq ki, istintaqda heç bir irəliləyiş yoxdur və obyektivlik pozulub”.
Şikayətçi qətllə bağlı istintaqın Ağsu Prokurorluğundan alınmasını istəyir: “Mən dözə bilmirəm ki, nəvəmin qanı yerdə qala. Çünki o bizim evimizin çırağı idi. 14 yaşı olmasına baxmayaraq idmanla məşğul olduğuna görə pəhlivan cüssəli idi. Tutulan uşaq ondan boyca çox kiçik idi, ona bir şillə vursaydı, göydə uçardı. Onun Nihata heç cür gücü çata bilməzdi. Mən Ağsu Prokurorluğunda istintaqın gedişindən narazıyam və işin onlardan alınmasını istəyirəm. Bununla bağlı Respublika Prokurorluğuna da teleqram vurmuşam. İstəyirəm bu iş Bakı Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə və yaxud da digər rayonlardan birinə - Şirvan, Kürdəmir və ya Şamaxı Prokurorluğuna verilsin”.
Şikayətlə bağlı Baş Prokurorluqla əlaqə saxladıq. Qurumun Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirildi ki, hazırda qeyd olunan cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir. İstintaqın nəticəsi barəsində ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, mərhum Nihadın atası Vüqar Məmişov Ağsu polis şöbəsinin əməkdaşıdır.
Foto: Hadisədən sonra saxlanılan şəxslər Ağsu RPŞ-nin həyətində