Yapon vəkil və siyasətçi Kenci Utsunomiyanın təşəbbüskarı olduğu Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının əleyhinə petisiya mayın 14-dək 350 mindən çox imza toplayıb.
LEQAL.AZ xəbər verir ki, bunu petisiyanın yerləşdirildiyi change.org onlayn platformasında əks olunan məlumatlar təsdiq edir.
“Cəmi bir həftə ərzində belə çox tərəfdarın toplanması məni hədsiz dərəcədə ruhlandırır. Bu mövzu həm Yaponiyada, həm də xaricdə böyük rezonans yaradıb. Biz Oyunların təşkili təxirə salınana qədər fəaliyyətimizi davam etdirəcəyik”, - deyə K.Utsunomiya mayın 14-də Tokioda keçirilən mətbuat konfransında bildirib.
Qeyd edək ki, K.Utsunomiya 3 dəfə Tokionun qubernatoru seçkilərinə qatılıb, 2010-2011-ci illərdə Vəkillər Federasiyasının kollegiyasına sədrlik edib.
Xatırladaq ki, mayın 5-də internetdə yerləşdirilən petisiyada indiki koronavirus pandemiyası şəraitində Olimpiya Oyunlarının təhlükəsiz təşkili qeyri-mümkün hesab edilir. Buna əsas kimi, dünyanın bir çox ölkələrində virusa yoluxmanın yayılması və peyvəndləmənin miqyasının kifayət qədər olmadığı göstərilir. Beynəlxalq Olimpiya Komitəsinə, Yaponiya hökumətinə və Tokio Olimpiadasının təşkilat komitəsinə ünvanlanan petisiyada yarışların təxirə salınması və ya ləğv edilməsi tələb olunur.
Qeyd edək ki, koronavirus pandemiyasına görə bir il müddətinə təxirə salınan Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının cari il iyulun 23-dən sentyabrın 5-dək keçirilməsi nəzərdə tutulur.
Kyodo agentliyinin bu yaxınlarda keçirdiyi sorğunun nəticələrinə görə, Yaponiya əhalisinin 72 faizi Oyunların bir daha təxirə salınmasını dəstəkləyib. Bununla yanaşı, Yaponiya Həkimlərinin Həmkarlar İttifaqları da Olimpiadanın cari yayda keçirilməsinin əleyhinə çıxış edib./azərtac