İspaniyada koronavirusun ikinci dalğası sürətlə artmaqda davam edir, pandemiyanın ən azı may ayındakı ən pis rekordları təzələnir.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, İspaniyanın Səhiyyə Nazirliyi son bir sutkada 279 ölüm halı barədə məlumat verib. Bu, aprel ayından bəri görünməyən və bir gün ərzində ən yuxarı göstəricidir. Dünən 18.418 yeni yoluxma faktı qeydə alınıb ki, bu da ötən çərşənbə axşamı ilə müqayisədə 4455 nəfər çoxdur və ikinci dalğa üçün yeni antirekorddur.
Yoluxma hallarının əksəriyyəti Kataloniyada (4443), Əndəlüsdə (2905) və Madrid muxtar ərazisində (2185) qeydə alınıb.
İspaniya xəstəxanalarında sıxlıq artmaqda davam edir. Koronavirus diaqnozu ilə xəstəxanaya yatırılan pasiyentlərin ümumi sayı hazırda 16696 nəfər (bazar ertəsi ilə müqayisədə 688 nəfər çox) təşkil edir. İntensiv müalicə şöbələrində vəziyyətin pisləşməsi ona gətirib çıxarıb ki, hər dörd çarpayıdan birində COVID-19 pasiyentləri yatır. Bu da razılaşdırılmış cavab tədbirlərinə dair protokolda Krallığın Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş maksimum risk həddidir.