Pakistan mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc olunub

Pakistan mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc olunub
  • Dünya

  • Pakistanın “Daily Times” və “Pakistan Observer” kimi geniş oxucu kütləsinə malik qəzetlərində “20 Yanvar – Azərbaycanın qəhrəmanlıq və iftixar tarixi” və “20 Yanvar – azərbaycanlıların şərəf günü” adlı məqalələr dərc olunub.

    Materiallarda 20 yanvar tarixinin Azərbaycan xalqının suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin simvolu olduğu bildirilib.

    Müəlliflər hadisələrin erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi, eləcə də Azərbaycan xalqının sabiq SSRİ-nin rəhbəri Mixail Qorbaçovun yürütdüyü ermənipərəst siyasətə qarşı çıxması ilə başlandığını qeyd ediblər. Deyilir ki, Mixail Qorbaçovun yenidənqurma siyasətindən istifadə edən ermənilər Azərbaycana qarşı məkrli siyasətlərini davam etdiriblər.

    Məqalələrdə Azərbaycan xalqının öz doğma torpaqlarını və hüquqlarını qorumaq üçün azadlıq hərəkatına başladığından bəhs olunub və mərkəzi hökümətin bu azadlıq hərəkatını yatırtmaq üçün hərbi qüvvə göndərərək xalqı qırğına məruz qoyduğu bildirilib. Azərbaycanlıların öz ərazi bütövlüyünü qorumaqda qərarlı olduğu və milli azadlıqları üçün özlərini qurban verdiyi vurğulanıb.

    Yazılarda Sovet ordusunun fövqəladə vəziyyət elan etmədən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycana qarşı hərbi əməliyyatlara başladığı və bunun nəticəsi olaraq 140-dan çox insanın qəddarcasına qətlə yetirildiyi diqqətə çatdırılıb.

    Müəlliflər, həmçinin bu faciədən bir neçə saat əvvəl silahlı birləşmələr tərəfindən dövlət televiziyasının enerji blokunun partladıldığından, eləcə də KİV-in fəaliyyətinin qadağan edilməsindən söhbət açıblar. Azərbaycan xalqının çətin günündə ölkəmizin ümummilli lideri Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqımız ilə birlik nümayiş etdirdiyi, bu faciənin insanlığa qarşı törədilmiş cinayət olduğunu bildirərək SSRİ rəhbərliyinin məkrli niyyətlərini üzə çıxardığı vurğulanıb. Məhz 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra onun təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyi diqqətə çatdırılıb.

    Sonda müəlliflər Azərbaycan xalqının hərbi, mənəvi və siyasi təcavüzlərə məruz qalmasına baxmayaraq, tarixi qəhrəmanlıq ənənələrini qoruyub saxlaya bilmək bacarığnı və öz həyatlarını itirmək bahasına olsa da, vətənin azadlığı və müstəqilliyi uğrunda ən qəddar hücumlara belə müqavimət göstərdiklərini ifadə ediblər.

    azərtac
    PAYLAŞ:

    Oxşar xəbərlər