İtaliya koronavirus əleyhinə bazarlara çıxarılan və internetdə təklif olunan saxta peyvənd dozalarının ticarətinə qarşı mübarizəni gücləndirəcək.
LEQAL.AZ-ın məlumatına görə, generalı Teo Luzi əhaliyə koronavirus əleyhinə peyvənd və dərman preparatları təklif edən internet saytları barədə xəbərdarlıq edib.
“Corriere della Sera“ qəzetinə verdiyi müsahibədə general indiyədək bu qəbildən olan 250 saytın ləğv edildiyini bildirib.
Onun sözlərinə görə, internet üzərindən təklif edilən peyvənd dozalarının indiyədək ölkədə istifadəsinə icazə verilən “Pfizer/BioNTech” və ya “Moderna” məhsulları olması ehtimalı olduqca azdır, çünki həmin peyvənd dozaları xüsusi temperaturda saxlanılır və onların ciddi qeydiyyatı mövcuddur.
T.Luzi qeyd edib ki, hazırda vaksinasiya kampaniyasında prioritet sayılmayan əhali qruplarının peyvəndlənməsi diqqət mərkəzində saxlanmalıdır. Tibbi personal, qocalar evlərinin sakinləri və yaşı 80-dən yuxarı insanların peyvəndlənməsi prosesi dövlət nəzarəti ilə həyata keçirilir və işbazlar əhalinin digər qrupları arasında öz qurbanlarını axtarırlar. Buna görə də hüquq-mühafizə orqanları mafia təşkilatlarının hazırki böhran mərhələsindən sui-istifadə edərək, leqal iqtisadi sistemə nüfuz etməsinə və rəsmi fəaliyyət pərdəsi altında saxta məhsullar təklif etməsinə qarşı mübarizəni gücləndirməlidir.
Polis generalı, həmçinin bildirib ki, hazırda ölkədə koronavirus böhranı ilə əlaqədar turizm, qastronomiya və asudə vaxtın təşkili sənayesi ağır günlər keçirir, bir çox obyekt və müəssisələrin sahibləri öz sahibkarlıq müəssisələri və infrastrukturu aşağı qiymətə satmaq məcburiyyəti ilə üz-üzədirlər. Belə hallarda mafia təşkilatları narkotik vasitələrin dövriyyəsi və ya digər qeyri-qanuni mənbələrdən əldə etdiyi çirkli pulları leqallaşdırmaq üçün fürsət əldə edirlər və qeyd edilən sektorlardakı müəssisələrə yiyələnməyə çalışırlar. Xüsusilə ölkənin cənub regionlarında bu tendensiyanın qarşısının alınması üçün antimafiya və antikorrupsiya fəaliyyəti genişləndirilməlidir. azərtac