Tacikistanın “avesta.tj” portalı böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı rus dilində geniş məqalə çap edib.
LEQAL.AZ-ın məlumatına görə, məqalədə Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci ili ölkədə “Nizami Gəncəvi İli” elan etdiyi bildirilir. Qeyd olunur ki, bu il Azərbaycanda və dünya ölkələrində Nizami Gəncəvinin həyat və fəaliyyəti ilə bağlı müxtəlif tədbirlər keçiriləcək, böyük ədibin kitabları çap olunacaq.
Materialda Nizami Gəncəvinin “Xəmsə”si haqqında danışılır, bu əsərlərin dünya ədəbiyyatı xəzinəsinə daxil olduğu vurğulanır.
Qeyd edilir ki, bu əsərlər Yaxın Şərq və Orta Asiya xalqları ədəbiyyatının inkişafında da müsbət rol oynayıb, bir çox şair Nizami Gəncəvinin “Xəmsə”sindən sonra “Xəmsə” yaradıb.
Bildirilir ki, Azərbaycanın Gəncə şəhərində Nizami Gəncəvinin mavzoleyi var, Bakı, Sankt-Peterburq və Romada şairin abidələri ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetində Nizami mərkəzi fəaliyyət göstərir.
Yazıda böyük şairin Azərbaycan, İran, Əfqanıstan, Tacikistan və digər ölkələrdən olan tədqiqatçıları haqqında da söhbət açılır.
Qeyd edilir ki, Nizami Gəncəvinin əsərləri əsasında böyük bəstəkarımız Üzeyir Hacıbəyli ölməz romanslar yaradıb, Qara Qarayev “Yeddi gözəl” , Fikrət Əmirov isə “Nizami” baletini yazıb.azərtac