Portuqaliya Prezidenti koronavirusa yoluxub

Portuqaliya Prezidenti koronavirusa yoluxub
  • Dünya

  • Portuqaliya Prezidenti Marselu Rebelu di Souza koronavirus xəstəsi ilə təmasdan sonra COVID-19 infeksiyasına yoluxub.

    LEQAL.AZ Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Portuqaliya Prezidentinin saytında yerləşdirilib.

    Məlumata əsasən, Marselu Rebelu di Souza yanvar ayının əvvəlində koronavirusa yoluxmuş insanla görüşüb. Bundan sonra özünü izolyasiya edən Prezident test verib. Yanvarın 11-də onun COVID-19 testi müsbət nəticə göstərib.

    Hazırda 72 yaşlı Portuqaliya Prezidentində koronavirusa xarakterik olan simptomlar müşahidə edilmir. O, yaxın günlər üçün planlaşdırılan bütün görüşlərini təxirə salıb. Marselu Rebelu di Souza fəaliyyətini rəsmi iqamətgahında – Lissabon şəhərindəki “Palacio Nacional de Belem” sarayında davam etdirəcək.

    Portuqaliyanın Baş naziri Antoniu Koşta artıq ölkədə koronavirusun üçüncü dalğasının başlandığını deyib. Onun sözlərinə görə, COVID-19 infeksiyasına rekord yoluxma və ölüm halları səbəbindən yeni təcrid rejimindən yayınmaq mümkün olmayacaq. Yanvarın 13-də Nazirlər Kabinetinin iclasında birinci karantin zamanı tətbiq olunan məhdudiyyətlər rejiminin bərpası gözlənilir.

    Qeyd edək ki, mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, hazırda dünyada 91 milyon 391 mindən çox yoluxma və 1 milyon 955 mindən çox ölüm faktı qeydə alınıb, 65 milyon 409 min nəfər COVID-19 xəstəliyindən sağalıb, 24 milyon 27 min nəfərin müalicəsi isə davam edir.

    Portuqaliyada indiyədək yeni koronavirusa 490 minə yaxın yoluxma halı aşkarlanıb, infeksiya səbəbindən 7 min 925 nəfər həyatını itirib.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər