Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) yəmənlilərin üçdə ikisinin təhlükəsiz və təmiz su və səhiyyə xidmətlərindən məhrum olduğunu açıqlayıb.
LEQAL.AZ xəbər verir ki, BQXK-dan verilən açıqlamada hər üç yəmənlidən ikisinin təmiz su və səhiyyə xidmətlərindən məhrum olduğu bildirilib.
Açıqlamada, COVID-19 təhlükəsinin davam etdiyi bir dövrdə Yəmən əhalisinin təmiz suya çıxışının təmin edilməsinin hər zamankındən daha vacib olduğu vurğulanıb.
Yəməndə davam edən silahlı qarşıdurma nəticəsində kanalizasiya və su şəbəkələrinə ciddi ziyan dəyib. İnsanlar təmiz su əldə etməkdə böyük çətinliklər çəkir.
Uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə İranın dəstəklədiyi husilərlə hökumət qüvvələri arasında qarşıdurmalar yaşanır. 2014-cü ilin sentyabrından bəri husilər paytaxt Səna və bəzi bölgələrə nəzarəti əllərində saxlayarkən, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin martından bu yana husilərə qarşı Yəmən hökumətinə dəstək verir.
Yəməndə təxminən 6 ildir davam edən qarşıdurmalarda minlərlə insan həyatını itirib. Dünyanın ən kasıb ölkələrindən biri olan Yəməndə vətəndaş müharibəsi səbəbindən böyüyən humanitar böhran dəhşətli ölçülərə çatıb.
BMT-yə görə, dünyanın ən böyük humanitar böhranlarından birinin davam etdiyi Yəməndə 22 milyondan çox insanın yardım və qorunmasına ehtiyacı var.
teleqraf.com