“Hazırda koronaviusa qarşı istifadə olunan peyvəndlərin əksəriyyətinin “Delta” ştammına qarşı da təsirli olduğu bildirilir”.
LEQAL.AZ xəbər verir ki, bu sözləri ölkə.az-a açıqlamasında infeksionist Mərdan Əliyev “Delta” ştammından sonra bir çox ölkələrdə yenidən qapanmaların olması ilə bağlı danışarkən deyib. O bildirib ki, “Delta” koronavirusun mutasiyaya uğrayaraq müəyyən qədər dəyişmiş versiyası olsa da, tamamilə fərqli virus deyil:
“Sadəcə burada koronavirusun bir geni mutasiyaya uğrayıb. Ona görə də güman olunur ki, peyvəndlər bu ştamma qarşı da təsirlidir. Eyni zamanda yoluxub sağalmış şəxslərdə yaranan təbii immunizasiya da bu virusa qarşı təsirlidir. Ona görə də “Delta” ştammı ölkəmizə gələrsə, ciddi problem olacağını düşünmürəm.
Yəni bu ştammla yoluxmaların sürətlə artacağını, yenidən karantin məhdudiyyətləri tətbiq ediləcəyini düşünmürəm. Təbii ki, yenə də bu ştamma qarşı da qorunmaq lazımdır.
Burada əsas məsələ peyvəndləmənin sayından asılıdır. Yəni vaksinasiya nə qədər sürətlə getsə, yeni yoluxma sayı da o qədər az olacaq. Vaksin “Delta” ştammına qarşı effektivdirsə, problem olmayacağı qənaətindəyəm”.
Mütəxəssis Azərbaycanda koronavirusa qarşı immuniteti olan əhali sayının rəsmi rəqəmlərdən daha çox olduğiunu deyib:
“Bizdə 2 milyondan çox insan 1-ci doza vaksin alıb. Bundan əlavə, gizli şəkildə yoluxub sağalmış, amma adı sistemə düşməyən və ya xəstəliyi ağır keçirib testin nəticəsi neqativ çıxan xeyli sayda insan var. Bu şəxslər hamısı immunitet qazanmış əhaliyə daxildir. Buna görə düşünürəm ki, bizdə heç yoluxmayanların sayı o qədər də çox deyil. Yəni yoluxma artarsa, məhz passiv əhalinin hesabına arta bilər. İmmunitet qazanmış insanların sayı rəsmi rəqəmlərdən kifayət qədər çoxdur”.
M.Əliyev koronavirusun 4-cü dalğası ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib. O, bu ehtimalın mümkün olmadığını söyləyib:
“Çünki dediyim kimi, immunitet qazanmayan əhali çox az qisimdir. Yaşlıların əksəriyyəti, aktiv işçilər ya vaksin olunub, ya da yoluxub sağalıblar. Sadəcə bizdə vaksin olunmayan uşaqlar və yoluxmayan passiv əhali qalıb. Ona görə də inanmıram ki, onların hesabına 4-cü dalğa olsun. “Yalnız “Delta ştammı”nın hesabına yoluxmalar arta bilər”.
Qeyd edək ki, dünyanın 90-dan çox ölkəsində "Delta" ştammı qeydə alınıb. Bəzi ölkələr isə bu ştamma görə yenidən məhdudiyyətlər tətbiq edib.
Rəsmi məlumata görə, indiyə qədər Azərbaycanda "Delta" ştammı qeydə alınmasa da, dövlət qurumları bu növün ölkəmizə gəlmə ehtimalını qaçılmaz hesab edir.