Əhalinin pandemiyadan etibarlı müdafiəsini təşkil etmək üçün ölkəmiz zəruri tədbirlər görür
Koronavirus infeksiyasının (COVID-19) dünyada geniş yayıldığı, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal pandemiya elan etidiyi şəraitdə ölkələr öz əhalisinin sağlamlığının qorunması və virusun qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirsələr də, son vaxtlar, xüsusən payız mövsümü başlayandan vəziyyət ciddiləşib. Koronavirusdan xilas olmanın yolları indi daha ciddi araşdırmalar tələb edir. Qayda-qanunlara əməl etməli olduğumuz halda bəzən laqeydlik, məsuliyyətsizlik bütün yoluxmaların və ölənlərin sayının hər gün artmasına səbəb olur.
Məsələ ilə bağlı infeksionist həkim Kifayət Nəsibova fikirlərini bölüşərkən qeyd etdi ki, virus yenicə ortaya çıxanda pandemiyanın geniş yayılmaması üçün ayrı-ayrı dövlətlərlə təmasların minimallaşdırılması və ya ümumiyyətlə, dayandırılması, ölkələr daxilində ictimai həyata və davranışa bir az sərt məhdudiyyətlərin tətbiq edilməsi ilk vaxtlar narahatlıqla qarşılansa da, sonradan insanlar buna öyrəşdilər. Vətəndaşların sağlam həyat şəraitinin, eləcə də təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün də ən vacib və prioritet məsələdir: "Azərbaycan güclü dövlətdir, öz vətəndaşlarını bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir. ÜST-ün ekspertlərinin də ilk aylardan qeyd etdiyi kimi, Azərbaycan hazırkı qlobal təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biri kimi tanındı. Pandemiyanın ölkəmizdə yayılmağa bağladığı ilk vaxtlardan bu, özünü qısa müddət ərzində göstərdi. Çünki dövlət və hökumət, eləcə də ictimaiyyət tərəfindən qabaqlayıcı və profilaktik tədbirlərə ciddi əməl edilirdi”.
Həkimin xüsusi vurğuladığı kimi, hazırda Azərbaycan hökuməti ÜST-ün tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün bütün mümkün vasitələrdən istifadə edir. Həyata keçirilən tədbirlərin əhatə dairəsi daha da genişləndirilir. Hələ bu ilin fevral ayının əvvəlindən reallaşdırılan profilaktik tədbirlər infeksiyanın xaricdən idxalını məhdudlaşdırmaq və onun ölkə daxilində yayılmasının qarşısını almaq məqsədi daşıyırdısa, bu gün mübarizənin coğrafiyası da dəyişilib. Dövlət orqanlarının fəaliyyətini əlaqələndirən Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, bəzi ölkələrlə sərhədlərin bağlanması, gediş-gəliş təmaslarının məhdudlaşdırılması, karantin rejiminin tətbiqi və digər addımlar hazırkı dövrə kimi qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan verib. Lakin pandemiyanın bir neçə mərhələdə dünyanı öz çənginə almaq ehtimalı daim bizi ayıq-sayıq olmağa səsləyib: "Bildiyimiz kimi, bu ilin yaz aylarında ölkəmizdə koronavirusa yoluxma halları az müşahidə edilirdi. Həmin müddətdə sağalanlar isə hər gün artırdı. Bunun da, təbii ki, müxtəlif səbəbləri var idi. Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın tətbiq etdiyi qaydalar, hüquq mühafizə orqanlarının məsələyə ciddi münasibəti, tövsiyələr, qadağalar, cərimələr və digər amillər yoluxmanın azalmasına səbəb oldu. Paytaxt Bakıda, eləcə də əksər regionlarda təcili şəkildə yaradılan modul tipli xəstəxanalar və klinikalar, testlərin operativliyi üçün xaricdən alınan laboratoriyalar isə yoluxanların aşkar edilib, müalicə aldıqdan sonra qısa müddətdə sağalaraq öz doğmalarına qovuşmalarına şərait yaratdı”.
Tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə, bütün cəmiyyətin, hər bir vətəndaşın üzərinə böyük məsuliyyət qoyur. Həmin qaydalar milli təhlükəsizlik və həmrəylik məsələsidir. Tutduğu mövqedən, baxışlarından asılı olmayaraq, hər bir vətəndaşdan maksimum şəkildə diqqətli və məsuliyyətli olması tələb edilir. Eyni zamanda hər bir vətəndaş bilməlidir ki, tətbiq olunan qaydalar, ilk növbədə, onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və eyni zamanda məcburi addımlardır. Buna görə də hamı qaydalara anlaşıqlı, dözümlü yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır. Bununla da onlar nümunəvi davranışı, dövlət orqanlarının işinə dəstək vermək ilə özünü, ailəsini, yaxınlarını qorumuş olacaq və ümumilikdə, cəmiyyətimizin təhlükəsizliyinə öz töhfəsini verəcəkdir.
İlin yay aylarından Ermənistanın ölkəmizə qarşı yenidən təxribat törətməsi əsasında diqqətin az da olsa, pandemiyadan uzaqlaşaraq, düşmənlə savaşa yönəlməsi, sanki bu gözəgörünməz bəlaya yeni bir fürsət verdi. İnfeksionist həkim K.Nəsibova bu məsələ ilə də bağlı fikirlərini açıqlayarkən xüsusi vurğuladı ki, müharibənin dəhşətləri amansız xəstəliyi sanki xalqımıza unutdurdu. Hər kəs düşmənə layiqli cavab vermək üçün ayağa qalxdı: "Əlbəttə, bu zaman ara məsafəsi unuduldu. Gəncə, Bərdə və Tərtərdə ermənilərin törətdiyi terrorlar ilə insanların bir yerə kütləvi axışını xatırlayın. Kütləvilik əvvəlki dövrə baxanda xeyli artdı. Bura şəhidlərimizin dəfni və hüzr mərasimlərindəki yaxın təması və doğma ünsiyyətdən gələn münasibətləri də əlavə etsək, məsələyə daha yaxşı aydınlıq gətirmiş olarıq. Hələ İkinci Qarabağ müharibəsinədək, yəni sentyabrın ortalarına kimi də vəziyyət öz məcrasından çıxmışdı. Hər gün yoluxmaların və ölümlərin sayının artması müşahidə edilsə də, sanki buna qarşı ölkə əhalisində bir qorxmazlıq, deyərdim ki, saymamazlıq da yaranmışdı. Əlbəttə, bu böyük səhv idi. Nəzərə almalıyıq ki, müharibə aparan bir ölkədə həkim və xəstəxanaların fəaliyyətinin həmin sahəyə yönəlməsi daha vacibdir. Ona görə də hər kəs bunu bilməli, özünü və ətrafını, hətta həkimlərimizi qorumaq barədə ciddi düşünməlidir”.
İlin payız fəsli olduğu üçün mövsümi qrip və digər infeksion xəstəliklərin artmasını nəzərə alsaq, pandemiyanın növbəti dalğasının daha təhlükəli ola biləcəyini anlamalıyıq. Həkim müşahidələrinə əsasən bildirdi ki, söhbət xəstəliyin yayılmasının kritik həddə çatmasından gedir. Vaxtilə bu göstəricilər ikirəqəmli olduğu halda, bu gün yoluxmaların ölkəmizdə 3 minin üstünə keçməsi ciddi təhlükədən xəbər verir. Bu, həm də həkimlərin böyük hissəsinin diqqətinin yaralı əsgərlərimizdən ayrılaraq, pandemiya xəstələrinə yönəlməsi ilə məhdudlaşması anlamına gəlir. Eyni zamanda xəstəxanalarda çarpayı sayının da çatışmazlığına gətirib çıxara bilən məsələdir.
İkinci və daha ağrılı bir məsələ isə böyük şəhərlərimizdə, xüsusən də paytaxt Bakıda əhalinin ictimai nəqliyyatdan düzgün istifadə etməməsidir. Bu barədə dəfələrlə söz açılsa da, görülən tədbirlərin əhəmiyyəti azdır. Bura yalnız ictimai nəqliyyatda maskadan istifadə etmək daxil deyil. Müşahidə edilən basabaslar da ciddi problem yaradan amillərdəndir. Metronun işləməməsi müxtəlif marşrut xətlərində sərnişin daşıyan avtobusların sürücülərinin sanki əlavə qazanc mənbəyinə çevrilib. Sürücülər var ki, avtobusa maskasız daxil olanlara, sadəcə, "maskalarınızı taxmaq tövsiyə edilir”,- deməklə öz işini bitmiş hesab edirlər. Bəzən sərnişinlər də məsuliyyətsiz hərəkət edirlər. Onlar cərimələrdən qorxduqları üçün maskanı çənələrinin altında saxlamaqla, özlərini qayda-qanuna tabe kimi göstərirlər. Düşünmürlər ki, bununla yalnız özlərini aldadırlar. Görünür, ictimai qınaq və təbliğat hələ də yetərincə deyil.
Təəssüfləndirici haldır ki, dünyada koronavirusa yoluxanların sayı durmadan artmaqdadır. Bu fakt Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumatda da təsdiqlənib. Antarktidadan başqa, bütün qitələrə yayılmış virusdan xilas yolları araşdırılmaqdadır.
Təkcə dövlət orqanlarının səmərəli fəaliyyəti deyil, ayrı-ayrılıqda hər bir şəxsin sosial məsuliyyətdən irəli gələn davranışı, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarına qeyd-şərtsiz əməl edilməsi qarşıda duran vəzifələrin mümkün qədər səmərəli icrasını reallaşdıracaq əsas faktorlardan biridir.
Hər hansı xəstəliyin müalicəsi, əlbəttə, ilk növbədə həkimin müayinə və diaqnozundan çox asılıdır. Dünyanı vahimə içərisində saxlayan koronavirusun da müalicəsi, təbii ki, onun profilaktikasından başlayır. Dünya səhiyyəsinin son nailiyyətlərini nəzərə alsaq, bu virusa yoluxmanın qarşısının alınması ilə bağlı həyəcanı müqayisə etmək o qədər də asan deyil. Unutmayaq ki, koronavirus bəşəriyyətin başağrısıdır. Maskasız isə həyat yoxdur. Bu, hələlik qaçılmazdır, həm də yalnız bizim ölkədə deyil, dünyada qəbul ediləndir. Əhalinin pandemiyadan etibarlı müdafiəsini təşkil etmək üçün ölkəmiz zəruri potensiala malik olsa da, məsuliyyəti hər kəs daşımalıdır.
Məhəmməd Nərimanoğlu, "Azərbaycan”