Qəribədir, müharibəyə nifrət edən analar 44 günlük Vətən müharibəsinə övladlarını xeyir-dua ilə yola saldılar. Oğullarının döyüş meydanındakı igidlikləri ilə iftixar duyan valideynlər, Araz kimi qəhrəmanlar böyüdən ata-analar bu gün qürurludurlar...
Qısa tanıtım: Araz Elsevər oğlu Seyfullayev 28 may 2001-ci ildə Masallı şəhərində anadan olub. 2018-ci ildə şəhid Sakit Tağıyev adına Masallı şəhər 4 nömrəli tam orta məktəbini bitirib. Masallı Rayon Gənclər və İdman İdarəsi nəzdində Uşaq Gənclər İdman Məktəbinin cüdo bölməsinin yetirməsi kimi dəfələrlə rayon və zona yarışlarının iştirakçısı və mükafatçısı olub.
A.Seyfullayev 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib. 2019-cu ilin oktyabr ayının əvvəlindən Xüsusi Təyinatlı Qüvvələrə (XTQ) qatılıb. Araz Seyfullayev 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl rayonlarının alınmasında iştirak edib. Qəhrəmanımızın döyüş yolu Murovdağdan başlayıb. Oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhidin nəşi 8 oktyabr 2020-ci il tarixdə doğulduğu Masallı şəhər Digah qəbiristanlığında izdihamla torpağa tapşırılıb. Subay idi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin əsgəri Araz Elsevər oğlu Seyfullayev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Təbəssümünü itirən analar
İlk dəfə eşitdiyimiz nəğmənin, duanın müəllifidir analar. Həzin laylalı şirin yuxularda bizi mənəvi rahatlığa, cənnətə qovuşduran analar. Araz kimi igidlərimizə ölümün gözünə dik baxmağı öyrədən analar…
Şəhid Araz Seyfullayevin valideynləri ilə görüşərkən, onları narahat edəcəyimdən ehtiyatlanır, sual verməkdə tərəddüd edirdim. Anası Günay xanım məni duyurmuş kimi aramla danışmağa başlayır:
–Uşaqlıqdan sakit təbiətli, utancaq idi. Hamı ilə mehriban davranardı. Nə demişiksə onunla razılaşıb. Biz də Arazın şəxsi fikirlərinə hörmətlə yanaşar, hər hansı
hərəkətinə müdaxilə etməzdik. Çünki onun doğru-düzgün qərar seçməsindən, məqsədinin yanlış olmadığından arxayın idik. Ailəsini çox sevirdi. Bizə o qədər bağlı idi ki...
Danışdıqca duyğulanan ana dərdini boğmağa çalışır, özünü toparlayır: ”İdmanla məşğul olsa da dərslərindən qalmazdı. Təhsilini davam etdirməyə, peşəyə yiyələnməyə çalışırdı. İstəyirdi ki, hərbi hissədə qalıb xidmətini davam etdirsin.
Arazın andiçmə mərasimi həyatımın ən yadda qalan günüdür, desəm yanılmaram. Onunçün də həmin anlar unudulmaz oldu. Kaş Araz yenə Vətənə xidmət edəydi, o sevinc dolu anları bir də yaşayaydıq.
Etiraf edim ki, o, XTQ-yə seçiləndə biz təkid elədik ki, sənin üçün çətin olacaq, Araz isə fikrində qəti idi. Onu çox sorğu-suala tutsaq da, “narahat olmayın, hər şey əladır” deyərdi. İstər təlimlər, istərsə də döyüşlər zamanı... Ad günümdən bir gün öncə - iyulun 31-də zəng edib məni təbrik edəndə dedi ki, ana, darıxma az qalıb.”
Araya sükut çökür. Şəhidin atası Elsevərlə söhbət etmək imkanı yaranır. O, deyir: “Ötən ilin yanvarında məzuniyyətə gəlmişdi. Son görüşümüz isə sentyabrın 25-də oldu. Dedi ki, ata, evdən muğayat ol. Oktyabrın 8-də, səhər saatlarında ölüm xəbərini aldıq. Küçəmiz izdihamla dolanda... İki gün öncə anası yuxuda Arazı yaralı halda görmüşdü. Həmin ərəfədə mən də qəribə hisslər keçirirdim.”
Muradına ruh verən əsgər anası …
Şəhidin kiçik qardaşı Murad bir neçə aydır ki, daxili qoşunlarda hərbi xidmətdədir. Arazın ad günündən bir gün qabaq yuxusuna girib. Deyib ki, qardaş, mən ölməmişəm, yaşayıram. Murad yuxudan ayılanda onu hərbi hissə rəhbərliyinə çağıraraq, 1-2 günlük evə buraxıldığını bildiriblər.
Qalib əsgər kimi Vətənə xidmət edən Murad şəhid qardaşının cənnətdəki ilk doğum günündə onun məzarını ziyarət edib. Arazın işğaldan azad etdiyi torpaqları göz bəbəyi kimi qoruyacağına söz verib...
“Üzüyü talismanımdır”
Gülay xanım təmkinlə söhbətə davam edir: “Müharibə başlayan gündən Arazdan xəbərsiz qaldıq. Hər bir əsgər anası kimi mənim də çox zaman gecəni sübhədək yatmayıb beynimdən, qəlbimdən min fikir keçirdi. Hər səhəri həyəcanla açırdım. Sıxıntılar məni boğurdu. Qarışıq yuxular da bir yandan: Görürdüm ki, təzə qurduğumuz hasarı uçurdurlar... Araz şəhid olandan sonra da qərar tuta bilmirdim. Hər gecə yuxumda onunla danışırdım:”Araz, niyə özünü qoruya bilmədin? Axı, mənə söz vermişdin. –Ana, elə bir məqam oldu ki, heç cür mümkün olmadı, məni bağışla...”
Səsim balama çatmadı –
Yuxusundan oyatmadı.
Dedi, ana, qayıdacam,
Verdiyi sözü tutmadı.
Kərbübəla ziyarətindən ona bir üzük gətirmişdim. Əsgərliyə gedəndə onu gizlətmişdi. Şəhid olandan sonra şəxsi əşyalarına əlavə etmək üçün üzüyü tapa bilmirdik. Qaynımın həyat yoldaşının yuxusuna girib demişdi ki, anama de, üzüyü filan yerdən götürsün. Həqiqətən dediyi yerdən tapdıq. Hər dəfə o üzüyü barmağıma taxanda sakitləşir, aram tapıram.
Sanki yuxularımı həqiqət kimi qəbul edirəm. Həmin gün Arazla bir yerdə olur, onunla birgə yaşayıram. Araz yenə evimizdədir... Mən də rahatlanıram.”
Arazın otağı indi onun xatirələr məkanına çevrilib. Bütün əşyaları mənzildə yaradılan guşədə öz əksini tapıb. Divardan asılmış şəkillər isə Arazın həyat hekayəsini xatırladır.
Günay mədrəsə təhsili alıb. Quran ayələri oxuyur. Nakam övladının ən ali mərtəbədə məkan tutması ilə təsəlli tapır: “Şəhidliyi yüksək qəbul etmək, o məqamı mənən görmək, hiss etmək gərəkdir. Allah ona qarşı üsyan edənləri sevməz. Hər kəs bir ömür yaşar. Hər şeyin ucuzu, bahası var – ölümün də həmçinin. Qürurluyam ki, başımızı uca etdi. Nə qədər ağrı-acısı varsa, o qədər də fəxarəti var.”
Erməni tankını vurdu, şəxsi heyəti xilas etdi
Görüş zamanı şəhid Araz Seyfullayevin səngər yoldaşları ilə əlaqə saxladım.
20 yaşlı Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov əsgər yoldaşı haqqında danışmağı şərəfli hesab edir: “Araz cəsur, qorxmaz döyüşçü idi. Tağıma gələn gündən onda fərqlilik görürdüm. Əziyyətə qatlaşan və öhdəsindən bacarıqla gələn əsgər idi. Verdiyi sözün üstündə durardı. Təlimlər zamanı bütün göstəriciləri yuksək olsun deyə, öz üzərində durmadan çalışardı. Çox vaxt mənimlə birgə oturar, dərdləşərdik. Ürəyi açıq, zarafatcıl oğul idi. Yediyini, içdiyini daim bölüşərdi. İstər təlimdə, istərsə də döyüşdə...
Son döyüşünədək Araz xeyli qəhrəmanlıq göstərmişdi. Düşmənin bir neçə canlı və texniki qüvvəsini (BMP, sursatla dolu KAMAZ) sıradan çıxartmışdı. Araz Seyfullayev, Bayram Qasımov, Amal Alışanlı və digər şəhidlərimiz daima yaddaşlarda qalacaq. Onlarla birgə keçən günlərimi əsla unutmayacağam. Bütün şəhidlərimizin ruhu şad olsun ki, Ali Baş Komandanımızın rəhbərliyi, Müzəffər Ordumuzun şücaəti sayəsində onların qisasını aldıq, qanları yerdə qalmadı. Üzvü olduğum tağımın komandiri, leytenant Elvin Eyvazov, manqa komandiri, kiçik gizir Elcan Abdullayev, əsgər Paşa Əliyev, İbrahim İslamov və digər qəhrəman
hərbçilərimizlə birgə cəbhəboyu bütün düşmən istehkamlarını yararaq Şuşaya qədər ağır və şərəfli döyüş yolu keçdik, torpaqlarımızı qaytardıq...”
Şəhidin digər döyüş yoldaşı deyir ki, Murovdağdan başlayaraq Füzuli və Cəbrayıl istiqamətlərində bir yerdə döyüşmüşük: “Cəbrayılın Rüzgar kəndində erməni hərbçiləri ilə dolu URAL maşınını mühasirəyə almışıq.
Araz həmişə döyüş zamanı şəxsi heyətdən öndə gedənlərdən idi. Çünki onun idarə etdiyi tank əleyhinə RPQ-7 silahı ilə hərəkət trayektoriyasını düşmənin texnikasından təmizləmək lazım gəlirdi.
Adsız strateji yüksəklik uğrunda döyüşlər zamanı düşmənin 4 KAMAZ və 1 UAZ maşınını, 75 nəfərlik canlı qüvvəsini məhv etdik. Sonra qarşı tərəfdən BMP-nin gəldiyini gördük. Araz qumbaraatanla tankı vurdu. BMP partladı. Araz şəxsi heyətin həyatını xilas etdi.
Sonrakı döyüşlərin birində düşmənlə təmasda artileriya atəşinə tutularkən Araz Seyfullayev şəhid oldu. Onu döyüş meydanından təxliyə etdik...”
Elsevər ata, Günay ana! Arazın döyüş yoldaşları torpaqlarımızın işğaldan azadlıq xəbərini sizə çatdırdılar, övladınızın ruhu qarşısında baş əyərək halallıq aldılar, qanını yerdə qoymadılar.
30 ildən bəri sızlayan duyğularımız rahatlandı, vüqarlı övladlarımızın qanı axan torpaqlarımıza qovuşduq.
Şəhidin məzarının ziyarətindəyəm. Bizi dünyaya tanıtdıran, bütün Azərbaycana doğma, hər birimizə əziz bir nakam gəncin məsum baxışları ilə göz-gözə dayanmışam. Düşüncələrimlə baş-başayam. Lakin hansı düşüncə, hansı fikir olursa-olsun 19 yaşında torpağa can verən şəhid ömrü qarşısında sönük görünür:
Yer-göy oda bürünsə də,
Ürəyimiz göynəsə də,
Analar qara geysə də
Yumruq olmağı bacardıq,
Zəfər çalmağı bacardıq!
Müəllif: Akif AĞAYEV,
“Yeni həyat” (Masallı) qəzetinin əməkdaşı.