Əliyevlər ailəsinin ən böyük arzusu tezliklə doğma Füzuliyə – işğaldan azad olunmuş Qərvəndə qayıtmaqdır VİDEO

Əliyevlər ailəsinin ən böyük arzusu tezliklə doğma Füzuliyə – işğaldan azad olunmuş Qərvəndə qayıtmaqdır VİDEO
  • Cəmiyyət

  • Sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistan ordusunun təxribatlarına Azərbaycan Ordusunun tutarlı cavabı – düşmənin xeyli sayda canlı qüvvəsinin məhvi, hərbi texnikasının darmadağın edilməsi və qənimət kimi götürülməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsinin işğaldan azad olunması xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Füzuli rayonu və 30-a yaxın kəndinin, o cümlədən kənd Horadizin azad edilməsi hamımızın, xüsusən füzulililərin böyük sevincinə səbəb olub.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, iyirmi yeddi ildir Masallı şəhərinin Seybətin yaşayış massivində məskunlaşan Füzulidən olan Əliyevlər ailəsi bir neçə gündür elan olunan möhtəşəm qələbə sevincini yaşayır. Rəşadətli Ordumuzun gücü sayəsində onların da doğma kəndi – Qərvənd işğaldan azad edilib. Sevinc hisslərini bizimlə bölüşən ailənin 46 yaşlı nümayəndəsi Oruc Əliyev çətin də olsa o günləri xatırlayaraq xatirələrini bizimlə bölüşdü. Oruc Əliyev deyir ki, Qərvənd kəndindən çıxanda 19 yaşı var idi, ailənin ən böyük övladı da odur. 1993-cü ildə valideynləri, iki bacısı və iki qardaşı ilə bərabər bir həftə yol gəldikdən sonra iki ay İmişli rayonunda məskunlaşıblar. Sonda ailə Masallıya pənah gətirib. Artıq 27 ildir rayonun Seybətin kəndində yaşayan ailə burada yerli əhalidən daim böyük qayğı və səmimi münasibət görüblər.

    Füzuli sakini Oruc Əliyev deyib: “Bura da bizim üçün Vətəndir. Masallılar, seybətinlilər də bizə doğmadır. Az müddət deyil. Neçə illərdir ki, bu səmimi, qayğıkeş insanlara qaynayıb-qarışmışıq. Onlardan ayrılmaq bizim üçün çətin olacaq. Qardaşlarım Dayandur, Bayandur və mən burada ailə həyatı qurmuşuq. Hər birimiz üç övlad atasıyıq. Qardaşımın qızı və iki bacım buradakı evimizdən gəlin köçüb”.
    Təəssüf ki, bu illər ərzində atası Cəmil kişi yurd həsrəti ilə dünyasını dəyişib.

    “Atam 2009-cu ildə dünyasını dəyişdi, elə burada da dəfn elədik. Oranın ab-havası ilə yaşayardı və inanırdı ki, ora qayıdacağıq. Prezidentimiz elan eləyəndə ki, torpaqlarımızın bəzi hissələri azad olunub, atamın qəbrini ziyarət etdim, dedim ata, ruhun şad olsun, o gözlədiyin vaxt yetişdi”, - deyə O.Əliyev bildirib.

    İndi ailənin ən böyük arzusu doğma Füzuliyə – Qərvənd kəndinə qayıtmaqdır. Müsahibimiz deyir ki, məcburi köçkün statusundan qurtulduq, gələcək nəslə deməyə sözümüz var – biz qələbə çaldıq. Azərbaycanın hər yeri torpağımızdır. Lakin uşaqlıqdan hər cığırına bələd olduğum o ərazilərə – Füzuliyə, Qərvəndə getmək üçün səbirsizlənirəm. Hər kəsə doğulub boya-başa çatdığı yurdu, kəndi əzizdir, əvəzedilməzdir. Hədsiz sevinən ailə məcburi köçkün statusundan qurtulduqları üçün Rəşadətli Ordumuza və Müzəffər Ali Baş Komandanımıza minnətdarlıq edir.
    Oruc Əliyev deyib: “Peyğəmbərimiz də buyurub ki, vətənini sevmək imandandır. O şəxs ki, öz vətənini, torpağını, millətini sevmir, onun insaniyyətliyi yoxdur. Neçə illərdir çox əziyyətlər çəkmişik, vətənimiz üçün çox darıxmışıq. Həmin anı gözləyirik ki, gedək o uşaqlıq dövrümüzün keçdiyi həyətdə əlimizi açaq Allaha həmd-səna edək. İlahi, şükürlər olsun sənə bizim dövlətimizin siyasəti nəticəsində, ordumuzun gücü nəticəsində bizim doğma torpaqlarımız düşmən tapdağından azad oldu”.

    Oktyabrın 17-də ölkə rəhbərinin xalqımıza müraciətində söylədiyi kimi: “Mən bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu münasibətlə əziz füzulililəri ürəkdən təbrik edirəm. Uzun illərin doğma torpaq həsrəti sona çatır. Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik... Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq”. İndi doğma Füzulimizdə zəfər bayrağımız dalğalanır! Yenidən oralar cənnətə çevriləcək. Füzuli sakini bu sevincli xəbərdən 4 misralıq şeir də yazıb.
    İlahi, şükürlər, şükürlər ola,
    O qaçqın adından qurtara bildik,
    Doğma torpaqları öz ordumuzla
    Yenidən geriyə qaytara bildik.

    Məlumat üçün bildirək ki, 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlə rayon sakini şəhid olub, yaralanıb, itkin düşüb. Şəhidlərdən 8 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Füzuli rayonunun 22 yaşayış məntəqəsi ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti nəticəsində 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə düşməndən azad edilib. Horadiz əməliyyatından sonra dağıdılmış kəndlər, sosial obyektlər bərpa olunub. Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində Füzulidə yeni qəsəbələr salınıb, Horadizə şəhər statusu verilib, müasir sosial-infrastruktur layihələrinin reallaşdırılması rayona yeni həyat bəxş edib.

    PAYLAŞ:

    Oxşar xəbərlər