Fevralın 19-da Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Musayeva Pərvin Xəqani qızının itkin düşməsi ilə bağlı Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə verilmiş məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılıb və itkin düşmüş Pərvin Musayevanın qəsdən öldürülməsi müəyyənləşdirilib.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin LEQAL.AZ-a daxil olan birgə məlumatında bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 2001-ci il təvəllüdlü Cəfərov Sərdar Saləddin oğlunun fevralın 19-da özünə məxsus avtomobildə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Pərvin Musayevanı boğaraq öldürməsi və meyitini Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı əraziyə atmasına əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Sərdar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir.