“Yaponiya-Azərbaycan Dostluq İli - 2022”nin loqo müsabiqəsi elan edilib

“Yaponiya-Azərbaycan Dostluq İli - 2022”nin loqo müsabiqəsi elan edilib
  • Cəmiyyət

  • Yaponiyanın Azərbaycandakı səfirliyi 2022-ci ildə Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirməyi planlaşdırır.

    Səfirlikdən LEQAL.AZ-a bildiriblər ki, gələn ilin “Yaponiya-Azərbaycan Dostluq İli” kimi qeyd olunması, Azərbaycanda və Yaponiyada iki ölkə arasında mədəniyyətin müxtəlif sahələri üzrə mübadilə, həmçinin insan resurslarının qarşılıqlı mübadiləsinin inkişaf etdirilməsi də nəzərdə tutulur. Yaponiya səfirliyi “Dostluq İli”nin planlaşdırılması istiqamətində ilkin addımları ataraq, həmin ili təcəssüm etdirəcək şüar müsabiqəsi keçirib.

    İndi isə “Yaponiya-Azərbaycan Dostluq İli”ni təntənəli şəkildə birgə qeyd etmək, iki ölkə vətəndaşları arasında qarşılıqlı anlaşmanı daha da genişləndirmək üçün loqo müsabiqəsinə start verilib. Seçilmiş loqo 2021-ci ildən başlayaraq 2022-ci ilin sonunadək ölkələrimiz arasında həyata keçiriləcək müxtəlif mədəniyyət tədbirləri və ya təbliğat materiallarında istifadə olunacaq. Qalib loqonun sahibinə Yaponiya səfiri tərəfindən sertifikat təqdim olunmaqla yanaşı, müsabiqənin sponsoru qismində çıxış edən “AIWA” brendinin Azərbaycandakı eksklüziv distribütoru – “Global Electronics Azerbaijan” tərəfindən “Bluetooth” qulaqcıqlar hədiyyə ediləcək.

    Müsabiqəyə Yaponiyaya marağı olan, “Dostluq İli” tədbirinə öz töhfəsini vermək istəyən Azərbaycan və yapon vətəndaşları qoşula bilərlər.

    Loqolar Yaponiya səfirliyi tərəfindən 2021-ci il fevralın 25-i saat 17:00-dək qəbul olunacaq. Maraqlanan şəxslər müsabiqədə iştirak şərtləri, loqoların formatı və məzmunu haqqında ətraflı məlumat almaq üçün səfirliyinin rəsmi səhifəsinə müraciət edə bilərlər.
    PAYLAŞ:

    Oxşar xəbərlər