Su polisləri bir neçə uğurlu tədbir keçiriblər VİDEO

Su polisləri bir neçə uğurlu tədbir keçiriblər VİDEO
  • Cəmiyyət

  • Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin su nəqliyyatında polis idarəsinin əməkdaşları xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar şəxslərin müəyyənləşdirilməsi istiqamətində bir neçə uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

    DİN-in mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, su polisləri Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qurumları ilə birgə mütəmadi olaraq paytaxt ərazisində, eləcə də bölgələrdə yol kənarında icazələri olmadan balıq satışı ilə məşğul olan şəxslərlə profilaktik söhbətlər aparır, onlar barəsində qanunauyğun tədbirlər görürlər.

    Sonuncu belə tədbir zamanı idarənin brakonyerliklə mübarizə bölməsinin əməkdaşları Abşeron rayonunun Mehdiabad qəsəbəsində Xəzər dənizində ovlanması qəti qadağan edilən nərə cinsli balıqların satışı ilə məşğul olan Əli Məmmədovu müəyyənləşdiriblər. Polis əməkdaşları həmin şəxsə məxsus obyektə baxış zamanı külli miqdarda nərə cinsli balıq aşkarlanaraq götürülüb. Araşdırma zamanı bu şəxsin müvafiq icazəsi və kvotası olmadan nərə cinsli balıqların qeyri-qanuni satışını təşkil etdiyi məlum olub. Baxış zamanı obyektdə müvafiq dövlət qurumları tərəfindən saylarının çoxaldılması üçün Xəzər dənizinə buraxılan körpə nərə cinsli balıqların da tutularaq burada satışa çıxarıldığı məlum olub. Polislər tərəfindən obyektin sahibi Əli Məmmədov barəsində qanunla nəzərdə tutulan qaydada tədbir görülüb.

    Su polisləri, tərəfindən həmçinin adı “Qırmızı kitab”a düşən quşların ovlanması və ekoloji cinayətlər törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində də tədbirlər davam etdirilir. Lənkəranda keçirilən reyd zamanı ovçuluq bileti olmadan bu fəaliyyətlə məşğul olan Vasif Qurbanov saxlanılıb. Ondan ovlanması qadağan edilən qu quşu, qırqovul, çöl ördəyi və çöl qazı olmaqla ümumilikdə 18 quş aşkarlanaraq götürülüb.

    Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının xidməti ərazidə keçirdikləri sonuncu tədbir zamanı isə odlu silah-sursat aşkarlanıb. Polis əməkdaşları paytaxt istiqamətində Xəzər dənizi sahilində iri daşların arasında gizlədilən tapança, avtomat darağı və 15 patron aşkarlayaraq götürüblər. Silah-sursatın kim tərəfindən həmin ərazidə gizlədilməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisinə daxil olan Qızılağac Dövlət Qoruğu, Abşeron, Ağgöl, Şirvan Milli Parklarında, Sarısu və “Şahdağ” Milli Qoruğu ərazisindəki su hövzələrində qanunsuz olaraq ovçuluqla məşğul olan, adı “Qırmızı kitab”a düşən quşları ovlayan şəxslərə qarşı da mübarizə tədbirləri davam etdirilir.

    Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları, həmçinin qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də əməliyyat tədbirlərini mütəmadi olaraq davam etdirirlər.

    Qanunla nəzərdə tutulan qaydalar çərçivəsində balıqçılıq və ovçuluqla məşğul olan şəxslərə müraciət edilərək bildirilir ki, onların fəaliyyətinə digər qurumlar tərəfindən müdaxilə edildiyi təqdirdə DİN-in Su Nəqliyyatında Polis İdarəsinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edə bilərlər. Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

    PAYLAŞ:

    Oxşar xəbərlər