AMEA Rəyasət Heyətinin növbəti iclası keçirildi

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirildi
  • Cəmiyyət

  • Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

    AMEA-dan LEQAL.AZ-a verilən xəbərə görə, müzakirəyə çıxarılan ilk məsələ Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının tərkibində problem şuralarının təşkili haqqında olub.

    Problem şuralarının AMEA-nın elmi bölmələri üzrə təşkil edilməsi və onlara rəhbərliyi bölmələr üzrə vitse-prezidentlərin etməsi qərarlaşdırılıb.

    Bundan əlavə, AMEA-da elmi, texniki və idarəetmə sistemində işləyən əməkdaşların attestasiyasının aparılması üçün müvafiq normativ və zəruri sənədlərin hazırlanması qərara alınıb.

    İclasda AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul olunub, eləcə də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun strukturunda qismən dəyişiklik edilib.

    Tədbirdə, o cümlədən dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin anadan olmasının 100 illiyi ilə bağlı Tədbirlər planı təsdiqlənib. Eyni zamanda akademik Validə Əlizadənin 75, AMEA-nın müxbir üzvləri Bəxtiyar Məmmədov və Elşad Qurbanovun 70, İbrahim Cəfərovun isə 65 illik yubileyləri barədə qərar qəbul edilib.

    Sonda bir sıra kadr məsələlərinə baxılıb. AMEA-nın müxbir üzvü Oktay Qasımov Biofizika İnstitutunun, tarix elmləri doktoru, professor Kərim Şükürov isə A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru vəzifələrinə təsdiqləniblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər