Fərman İsmayılov yaxın günlərdə Azərbaycana gələcəkmiş. Ancaq sonradan növbəti əməkdaşların pandemiya səbəbindən gəmiyə gələ bilməməsi onun gəmidə qalmasına səbəb olub.
Ötən gün axşam saatlarında nigeriyalı dəniz quldurları Qvineya körfəzində Türkiyə gəmisinə basqın ediblər. Nəticədə də 15 nəfər girov götürülüb, bir azərbaycanlı öldürülüb. Öldürülən şəxsin Siyəzən rayon sakini 45 yaşlı Fərman İsmayılov olduğu məlum olub. Onun nəşi yanvarın 26-də Azərbaycana gətiriləcək. Hadisə ilə bağlı Fərman İsmayılovun qardaşı Ayaz İsmayılov ''XəzərXəbər''ə açıqlama verib.
Hadisə Qvineya körfəzində Türkiyəyə məxsus "Mozart" adlı gəmidə baş verib. Gəmi qəfildən nigeriyalı dəniz quldurlarının basqınına məruz qalıb. Məlumata görə, Liveriya bayrağı altında üzən gəmi Laqosdan Keyptauna doğru hərəkət edirmiş. Gəmidə ümumilikdə 19 nəfər olub.Silhalılar gəmidə olan yeganə azərbaycanlı Fərman İsmayılovu öldürüblər.Digər 15 Türkiyə vətəndaşı isə girov götürülüb. Gəmi heyətindən 3 nəfər xilas ola bilib və gəmini təhlükəsiz limana çatdırıblar.
Dəniz quldurlarının qətlə yetirdiyi Fərman İsmayılovun qardaşı Ayaz İsmayılovun sözlərinə görə, Fərman 18 ildən çox müddətdə həmin gəmidə ikinci mexanik vəzifəsində çalışırmış. Qardaşının vəfat etməsi xəbərini isə ona şirkətdən məlumat veriblər.
Ayaz İsmayılov deyir ki, qardaşı yaxın günlərdə Azərbaycana gələcəkmiş. Ancaq sonradan növbəti əməkdaşların pandemiya səbəbindən gəmiyə gələ bilməməsi onun gəmidə qalmasına səbəb olub.
Bu arada Türkiyə rəsmiləri Nigeriya sahillərində "Mozart" adlı yük gəmisinin dəniz quldurları tərəfindən qaçırılan heyət üzvlərinin tapılması istiqamətində fəaliyyətlərə başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə gəminin dördüncü kapitanı Furkan Yaren arasında telefon danışığı olub, son vəziyyətlə bağlı məlumat verilib. Mövlud Çavuşoğlu gəminin məxsus olduğu şirkətin icraçı direktoru Osman Levent Karsanla da telefonla danışaraq qaçırılan gəmiçilərin ən qısa zamanda evlərinə qaytarılması istiqamətində bütün imkanların səfərbər ediləcəyini bildirib.
LEQAL.AZ sputnik-ə istinadən xəbər verir ki, Türkiyənin başda Abuca olmaqla Nigeriya və qonşu ölkələrdəki bütün səfirliklərin qaçırılan heyət üzvlərini xilas etmək üçün səfərbər olduğu qeyd edilir.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu yerli mətbuata bildirib ki, qaçırılan "Mozart" gəmisi bu gün saat 11.00-da Qabonun Gentil limanında lövbər salıb. Fərman İsmayılovun nəşi və 3 heyət üzvü hazırda gəmidədir.
Hadisəyə Azərbaycanın Xarici İşlar Nazirliyindən də münasibət bildirilib. Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva açıqlamasında bildirib ki, Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında nəşin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.
Türkiyənin Qabondakı səfirliyinin vasitəçiliyi ilə cəsəd paytaxt şəhər Librevilə göndəriləcək. Daha sonra nəşin Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə, yəni 26 yanvar tarixində Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır.